Ərdoğanla Putinin kritik Suriya müzakirəsi

  09 Oktyabr 2019    Oxunub : 1144
 Ərdoğanla Putinin kritik Suriya müzakirəsi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının yaydığı məlumatda deyilir. Telefon danışığı zamanı liderlər Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında planlaşdırılan əməliyyatını müzakirə ediblər.

"Prezident Ərdoğan Putinlə Suriyada sülhə və sabitliyə töhfə verəcək və ölkədəki vəziyyətin siyasi yolla həllinə yol açacaq Fərat çayının şərqində planlaşdırılan əməliyyatı müzakirə edib", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, danışıqlar zamanı Ərdoğan Türkiyənin prioritetinin Suriya xalqının hüquq və maraqlarını qorumaq olduğunu söyləyib:

"Prezidentimiz bu prosesdə konstruktiv mövqeyinə görə Rusiya Federasiyasına minnətdarlığını bildirib”.

Qeyd edək ki, Ərdoğan oktyabrın 5-də Suriyanın şimalında, Fəratın şərqində hərbi əməliyyatlara başlanması barədə qərarın yaxın günlərdə verilə biləcəyini söyləyib. Bundan sonra prezident Donald Tramp ABŞ hərbiçilərinin Türkiyənin əməliyyatında iştirak etməyəcəyini və ərazini tərk edəcəyini deyib. Ardınca isə Vaşinqton bəyan edib ki, ABŞ Suriyadan bütün qoşunları çıxarmır, söhbət yalnız 50 hərbçidən gedir.

P.Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Putin