Müsavatda “erkən final” - İsa Qəmbər partiyanı dağıdanı seçdi

Müsavatda “erkən final”  - İsa Qəmbər partiyanı dağıdanı seçdi
  10 Oktyabr 2019    Oxunub:9995
Müsavat partiyasının 12 oktyabrda keçiriləcək başqanlıq seçimlərini indidən başa çatmış hesab etmək olar. Partiyanın "xaç atası" İsa Qəmbər elə bir gediş etdi ki, seçkinin nəticələrini gözləməyə ehtiyac qalmadı. Gələcək sədrin kim olacağına indidən aydınlıq gətirildi.
Belə ki, İsa Qəmbər 30 illik dostu adlandırdığı Arif Hacılı barədə "Facebook" hesabında tərif dolu status yazıb, onu özünün namizədi elan etdi və seçkidə hamını (Partiya üzvlərini -red) ona səs verməyə çağırdı. Təbii ki, bu da Müsavat başqanı olmaq istəyən digər namizədlərə xoş gəlmədi. Nəticədə partiya ətrafında növbəti qarşıdurmanın əsası qoyuldu...

İsa Qəmbərin fikrincə, Arif Hacılı təcrübəli və parlaq siyasətçidir. Sabiq başqanın dediklərini əsaslandırmaq üçün bir neçə nümunə gətirmək olar. Məsələn, Arif Hacılının Müsavatı son qurultaydan sonra parçalaması, partiyanı faktiki diktatura rejimi ilə idarə etməsi, onunla həmfikir olmayanları müxtəlif vasitələrlə partiyadan uzaqlaşdırması İsa bəyin namizədinin necə "parlaq" və "təcrübəli" siyasətçi olduğunu göstərir.

Bundan başqa, deyə bilərik ki, Müsavat partiyasının son illər siyasi alver predmetinə çevirilməsi, saxta mühacir biznesi şəbəkəsinin qurulması da Arif Hacılının "uğurlu" fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

İsa Qəmbərin belə bir "nümunəvi" namizədə dəstək verməsi keçmiş partiyadaşları tərəfindən birmənalı qarşılanmadı. Məlum oldu ki, Müsavatdakıların hamısı heç də İsa bəylə həmfikir deyil, hətta sabiq sədrlərini tənqid etməkdən belə çəkinmirlər. Onun səs-küy yaradan statusuna yazılan rəylər bunu deməyə əsas verir.

Bir çoxları hesab edirlər ki, İsa Qəmbər son 5 ildə kifayət qədər nüfuzdan düşmüş, avtoritar idarəetməyə üstünlük verən biri kimi seçki şousunun ən zəif halqasıdır.



Müsavatda baş verənlərlə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər, tənqirlər yer alıb. Bu məqamda mühacirətdə olan jurnalist Röya Rəfilinin statusu diqqət çəkib:

Xanım jurnalist yazıb: "İsa Qəmbər Müsavatın başqanlıq seçkisində Arif Hacılını bu dəfə açıq şəkildə dəstəklədi. Müsavatın o zamankı başqanı 5 il əvvəl başqanlığa namizədlərdən Arif Hacılını birbaşa, açıq şəkildə dəstəkləməsə də, seçkidən bir gün əvvəl ölkə xaricindən gələn qonaqları həmin namizədlə birlikdə qarşılamışdı. Həmçinin seçki ilə bağlı çoxsaylı iradlar, iddialar vardı ki, onlar araşdırılmadı. Seçkini, o prosesi yaxından izləyən jurnalist olaraq bunu bilirəm. Amma azından dəstək birbaşa deyildi, bu dəfə isə açıqdır. Və bunu demokratiya nümunəsi kimi təqdim etməyə ehtiyac yoxdur. Görünən odur ki, Müsavatda hələ də sözünün kəsəri qalan keçmiş başqan ən zəif namizədə səs istəyir. Təəssüfedici hal isə odur ki, ölkənin müxalifət partiyalarının artıq quruca adı qalacaq... az qalıb...".



Başqanlığa namizəd Tofiq Yaqublu İsa Qəmbərin mövqeyini dəstəkləməsə də, hələlik susmağa üstünlük verir. Yəqin, tutarlı cavab vermək üçün əlverişli məqam gözləyir. Digər namizəd Yadigar Sadıqlı hesab edir ki, üzvü olduğu partiya acınacaqlı durumdadır. Bunun səbəbkarı İsa Qəmbərin sevimli namizədidir.

"Ən acınacaqlısı isə odur ki, İsa bəy digər iki namizəd haqqında bir-iki xoş söz deməyi belə özünə rəva görməyib. Çox üzücü və ədalətli cəmiyyətdən danışan İsa bəyin özünə yaraşmayan haldır".



Müsavat üzvlərinin fikrincə, İsa Qəmbər Arif Hacılını açıq şəkildə dəstəkləməklə seçkiləri "erkən final"a aparmış oldu. Şübhə yox ki, keçmiş başqan partiyadakı təsir rıçaqlarını işə salaraq seçdiyi və güvəndiyi namizədi növbəti dəfə öz kreslosunda saxlayacaq, digər iddialar üçün "qırmızı işıq" yandıracaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Müsavat   Seçki  





Xəbər lenti