Azərbaycanda peşə öyrənməyin ən ASAN yolu - REPORTAJ (FOTOLAR)

Azərbaycanda peşə öyrənməyin ən ASAN yolu -  REPORTAJ (FOTOLAR)
  09 Oktyabr 2019    Oxunub:14289
Şəki "ASAN Həyat" kompleksində fəaliyyət göstərən "ASAN Peşə" mərkəzində müxtəlif sahələr üzrə ödənişsiz kurslar açılıb. Həmin kurslarla tanış olmaq məqsədilə “ASAN Peşə” mərkəzinə media-tur təşkil olunub.
Azvision.az -ın əməkdaşları mediaturda iştirak ediblər.

Məlumat üçün deyə bilərik ki, kurslarda tütünçülük, bağçılıq, ipəkçilik, kompüter, şahmat, rəsm və dərzilik peşələri üzrə biliklər tədris olunur. Gələcəkdə bu kimi kursların genişləndirilməsi və başqa sahələri əhatə etməsi planlaşdırılır.

"ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədini daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.



Şahmat müəllimi Gülnarə Süleymanova uşaqların kiçik yaşlarından kurslara cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, burada artıq 6-cı dərsi keçirlər.

“7 yaşında Avropa və Dünya çempionatına çıxış var. Uşaqları yarışlara hazırlaşdırırıq. Bizi qarşıda zona yarışı gözləyir. Uşaqlarımız zona yarışında yer tutarlarsa, respublika turunda iştirak etmək imkanı qazanacaqlar. Orada yaxşı nəticə göstərsələr, beynəlxalq yarışlara qatıla biləcəklər”.



Rəsm müəllimi Aynurə Mənsimova bizimlə söhbətində kursun yeni başladığını qeyd edib. O, kursların davamlı olaraq keçiriləcəyini söyləyib.

“Yaxın zamanlarda kiçik yaş qrupu olan uşaqlarla da dərslərimiz başlayacaq. Şəki sənətkarlar diyarı olduğu üçün burada rəssamlığa meyl güclüdür. Bu baxımdan yaş məhdudiyyəti yoxdur. Hər yaş qrupundan olan uşaqlar kurslara qatılır. “ASAN xidmət” mütəmadi olaraq gənc rəssamların əl işlərindən ibarət sərgilər təşkil edəcək”.



Kompüter kurslarının tələbəsi Vəsilə Qurbanəliyeva iki həftədir kursalara qatıldığını deyib. O, əsasən “Word”, “Excel” və digər proqramları öyrənir:

“İnformatika və kompüter biliyimi artırmaq üçün kurslara qoşulmuşam. İxtisasım informatika müəllimi olduğu üçün kompüter biliyimi daha da artırmağa çalışıram. Dövlətimiz bu imkanı bizə yaradıb və biz də bundan yararlanırıq”.



Rəsm kurslarının tələbəsi Cəvahir Axundova isə 5 ildir rəsmlə məşğul olur. O, “ASAN Peşə” mərkəzində rəsm kurslarının təşkil olunduğunu öyrənəndən sonra bura gəlib.

“Rəsmin müxtəlif janrlarını öyrənirəm. Rəsm çəkməyə marağım böyükdür və insana zövq verir. Gələcəkdə bu sənəti davam etdirmək istəyirəm və ən böyük arzum dizayner olmaqdır”.

Qeyd edək ki, bu cür kurslar Quba, Masallı, Mingəçevir və İmişli “ASAN Həyat” komplekslərində də təşkil olunur.

"ASAN Həyat" konsepsiyası "ASAN xidmət" mərkəzi ilə yanaşı, iaşə obyektlərini özündə birləşdirir. Burada vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. "ASAN Həyat" kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.



O, cümlədən Şəki "ASAN Həyat" kompleksində də əhalinin və əməkdaşların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə uşaq meydançası, istirahət meydançası, oturacaqlar, digər rayonlardan gələn vətəndaşlar üçün avtodayanacaq, kafe, diskoteka, fəvvarə sahəsi və 2 kinozal mövcuddur.





















































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: ASAN   Peşə   Şəki   ASANxidmət  





Xəbər lenti