Paşinyanın “nöqtəsinə” “Valday”da qoyulan NİDA!

Paşinyanın “nöqtəsinə” “Valday”da qoyulan NİDA!
  05 Oktyabr 2019    Oxunub:13409
Oktyabrın 3-də Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak edib. Ölkə başçısı çıxışında Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.
Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb.

Həmçinin, Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Politoloq Sahil İskəndərov Prezident İlham Əliyevin Rusiya səfəri və Qarabağ bəyanatı ilə bağlı Azvision.az -ın suallarını cavablandırıb.

- Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Klubunun plenar sessiyasında iştirakı nədən xəbər verir?

- Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin tərəfindən dünyada getdikcə böyük nüfuz qazanan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasına dəvət edilməsi və ondan iki gün əvvəl Putinin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak üçün Ermənistana səfəri, orada Paşinyana cəmi 10 dəqiqə vaxt ayırması, hətta ənənəvi şam yeməyinə qatılmaması, bu iki hadisəni müqayisə edəndə artıq Moskvanın və şəxsən Rusiya prezidentinin Cənubi Qafqazın hansı liderinə önəm verməsi, etimad göstərməsi, etibarlı tərəfdaş kimi baxması məsələsini gündəmə gətirir. Ona görə bu iki məqama xüsusi diqqət yetirilməlidir. Halbuki Ermənistanın baş naziri həmin sessiyaya dəvət edilməyib. Konkret olaraq bu ondan xəbər verir ki, Rusiyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiya-Azərbaycan-Ermənistan üçbucağında hansı qütblərin daha artıq vahid mövqedən çıxış etməsi üzə çıxır. Bu, Moskva-Bakı münasibətləridir. Çünki Rusiya və Azərbaycan ən azı Cənubi Qafqazda üçtərəfli, dördtərəfli bir neçə layihədə iştirak edirlər. Münasibətlər getdikcə sıxlaşır. Azərbaycan və Rusiya prezidentlərinin şəxsi görüşü də Rusiyanın hərbi-texniki sahədə əməkdaşlığa nə qədər önəm verdiyini, regionda təhlükəsizliyin təminatı müstəvisində Azərbaycana hansı ümidlər bəslədiyini, Azərbaycan necə tərəfdaş kimi yanaşdığını ortaya qoyur. Bu məqamları müqayisə edəndə aydın olur ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə cavab verə bilən addımlar atmağa hazırdır.



- Bu məsələdə Azərbaycan və Ermənistanın Rusiyaya münasibəti nə dərəcədə əhəmiyyətə malikdir?

- Vladimir Putin kimi təcrübəli lider üçün Azərbaycan və Ermənistanın Rusiyaya hansı münasibət bəsləməsi sirr deyil. Putin kəşfiyyat orqanlarında çalışmış biri kimi bilir ki, Ermənistan çətin anlarda hər zaman Rusiyanı satmağa hazırdır. Xüsusilə Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra bu məsələ daha çox gündəmdə saxlanılır. Rusiyada yaşayan ermənilər tərəfindən Paşinyanın “saqqallı təlxək” adlandırılması, bu ölkədəki erməni diasporunun artıq Ermənistanın rəhbərliyində olan və ikibaşlı, üçbaşlı oyunlar oynayan Paşinyana təzyiqidir. Bilirsiniz, Paşinyan niyə bu qədər gülünc vəziyyətə düşüb? Çünki baş verənlərin hamısı onun səriştəsizliyindən irəli gəlir. Ermənistan daim ikibaşlı, üçbaşlı oyunlar oynayıb, amma indiyə qədər bu oyunları oynayanlar təcrübəli olublar. Yeri gələndə Moskvanın təhlükəsindən sıyrıla biliblər. Amma Paşinyan o qədər səbatsızdır ki, böyük siyasətin incəliklərini bilmir. Ümumiyyətlə, səsləndirdiyi bəyanatların məsuliyyətini dərk etmir. Ona görə də belə çətin vəziyyətə düşür.

- Ölkə başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun tribunasından bəyan etdi ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu bəyanatın əhəmiyyətini nədə görürsünüz?

- Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” ifadəsi ilə Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” deyimini müqayisə edək. “Qarabağ Ermənistandır, vəssalam” demək asandır. Amma bunun arxasında durmaq, əməldə həyata keçirmək çətindir. Əgər Paşinyan belə deyirsə, o zaman parlamentdə Dağlıq Qarabağın tanınması və ya Ermənistana birləşdirilməsi prosedurunu həyata keçirsin. Edə bilərmi? Xeyr. Paşinyanın bu ifadəsinə görə Ermənistanın özündə ona nə qədər hücumlar oldu. Amma Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” deyir və bunu sübut etmək üçün həm ölkə başçısının, həm də xalqımızın kifayət qədər potensialı var. Çünki dövlət başçısının bu ifadəsinin arxasında beynəlxalq hüquq normaları, BMT-nin Azərbaycanı mövcud sərhədləri çərçivəsində qəbul etməsi, tanıması dayanır. Paşinyan belə ifadə söyləməklə Dağlıq Qarabağ Ermənistanın oldumu? Əgər Dağlıq Qarabağ Ermənistanındırsa, buna ilk növbədə Rusiya icazə verməlidir. Onda Putin də bəyanat verməlidir ki, Dağlıq Qarabağ Rusiyanındır. Nə üçün? Axı Ermənistan müstəqil dövlət deyil? Putinin Paşinyana birbaşa münasibəti nəyi göstərir? Bu, onu sübut edir ki, Ermənistan heç də müstəqil dövlət deyil. Rusiya Ermənistanı əyalətlərindən biri kimi görür. İndi də Paşinyan kimi bir bivec müxtəlif qüvvələrinin dəstəyi ilə hakimiyyətə gəlib. Bu isə Putini qıcıqlandırır. Əslində Paşinyanı aradan götürmək üçün Putin o qədər də əziyyət çəkməz. Amma hər şeyin bir növ demokratik pərdə arxasında getməyinə çalışır. Yəni bu bəyanatların mahiyyətindəki fərq bundadır. Ölkə başçısı “Vəssalamın” qarşısına nida işarəsi qoydu.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Paşinyan  





Xəbər lenti