“Qarabağ Azərbaycandır və nida işarəsi” adlı kampaniyaya start verilib

  04 Oktyabr 2019    Oxunub : 2169
 “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı kampaniyaya start verilib
"Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla bu ölkənin rəsmiləri Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatlarla çıxış edirlər. Azərbaycan Ermənistanın bu addımlarını "status-kvonu saxlamağa" yönəlmiş "qeyri-konstruktiv" addım kimi qiymətləndirib".
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüquq norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətanmalərini ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan quruma total hörmətsizlik nümayiş edirir:

"Ermənistan baş naziri 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ – Ermənistanındır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır.

“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdir.

Cənab Prezidentin cıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verir.

Kampaniyanın məqsədi Ermənistan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir.

Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qədbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək BMT-nin rəsmi dillərində tvitlər, postlar paylaşılacaqdır".

Azvision.az

Teqlər: Qarabağ