Hərbi qulluqçulara pul əvəzinə ərzaq verilməsinə başlanıldı

 Hərbi qulluqçulara pul əvəzinə ərzaq verilməsinə başlanıldı
  02 Oktyabr 2019    Oxunub:11010
Ordu quruculuğu işinin dövlət rəhbərliyi səviyyəsində prioritet elan olunması və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi qısa zaman kəsiyində müvafiq sahədə ciddi uğurların əldə edilməsi ilə müşayiət olunur.
Belə ki, dövlət büdcəsindən orduya ayrılan xərclərin ilbəil artırılması, şəxsi heyətin ixtiyarında olan silah-sursatın və hərbi texnikaların modernləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalanan qərar və sərəncamlar ölkənin müdafiə qüdrətini dəfələrlə artırıb, Azərbaycan Ordusunun döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunmasına rəvac verib.

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan növbəti addımlardan da biri Azərbaycan Ordusunda və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçulara pul əvəzinə natural ərzağın verilməsi oldu.

Pul əvəzinə natural ərzağın verilməsi könüllü olduğundan bəzi hərbi qulluqçular bu prosesə öz arzusu ilə qoşuldular. Kampaniyanın həyata keçirilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hərbi qulluqçulara pul əvəzinə natural ərzağın paylanmasına start verildi.

Bu məqsədlə Müdafiə Nazirliyinin "N" hərbi hissəsində olduq. Hərbi hissənin zabiti öz arzusu ilə bu kampaniyanın iştirakçısı olan polkovnik Ədalət Hacıyev bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirdi: "Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əmək haqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Qeyd edim ki, pulun natural ərzaqla əvəzlənməsi kampaniyası ilk dəfə olaraq həyata keçirilmir. Belə bir ənənə əvvəllər də mövcud idi. Bu qərar veriləndə, yəni pul və ya ərzaq seçimi ortaya çıxanda mən natural ərzağa daha çox üstünlük verdim. Bu günlərdə ölkə başçısının bütün güc strukturlarının, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı sərəncam, eyni zamanda, bu gün hərbi hissəmizdə ərzaq əvəzinə pul kompensasiyası alan hərbi qulluqçulara pul əvəzinə natural ərzağın verilməsi də bu qəbildəndir.



Pul əvəzinə natural ərzaq almağa üstünlük verən hərbi qulluqçu baş çavuş Əsmayə Hidayətova isə qeyd etdi ki, bu addım sosial rifahımızın yaxşılaşdırılması istiqamətində atılan növbəti addımlardandır. “Prezidentimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, ordu quruculuğu işində aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər ordumuzda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır. Sosial-məişət şəraitimizin daim yaxşılaşdırılması, yeni və müasir silah-texnika ilə təmin olunmağımız, aylıq vəzifə maaşlarımızın dəfələrlə artırılması, sağlamlığımızın daim diqqətdə saxlanılması, yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi, pul əvəzinə natural ərzağın verilməsi ordu sıralarında xidmət edən hər bir şəxsin mənəvi-psixoloji durumunun yüksək olmasında müsbət rol oynayır. Bu gün könüllü şəkildə öz istəyimizlə aldığımız gündəlik ərzaq tələbatımızın ödənilməsi üçün nəzərdə tutulmuş ərzaqlar - ət, makaron, kartof, soğan, düyü, müxtəlif növ konservlər, qablaşdırılmış süd və adını qeyd etmədiyim müxtəlif növ məhsullar ailəmizin aylıq büdcəsinin gücləndirilməsinə xidmət edir. Ali Baş Komandanımızın rəhbərliyi ilə görülən bu işlər ümumi işlərin yalnız bir hissəsidir. Bu gün Azərbaycan dövlətinin bu mühüm və vacib sahəyə göstərdiyi diqqət və qayğı müvafiq istiqamətdə daha böyük uğurların əldə olunacağına əsaslı zəmin yaradır. Bundan sonra da hər birimiz xidmətimizdə daha məsuliyyətli olacaq, uğurlu xidmətimizlə bizə göstərilən inamı doğrultmağa çalışacağıq.

Mənbə: "Azərbaycan Ordusu" qəzeti


Teqlər: Ordu   Hərbiqulluqçu   Naturalərzaq  





Xəbər lenti