Ekspert: “Avtobusların gecə reysləri təhlükəlidir”

  Ekspert:  “Avtobusların gecə reysləri təhlükəlidir”
  02 Oktyabr 2019    Oxunub:2491
"Şəhərlərarası avtobuslarla gecə reyslərinin bərpası zərurətdən irəli gəlir"

Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, ölkənin müxtəlif istiqamətlərinə, xüsusən, nisbətən böyük şəhərlərə və sərhəd keçid məntəqələrinə doğru gecələr sərnişin axını müşahidə edilir.
"Həmin sərnişinləri mikroavtobuslar, habelə minivenlərlə və adi minik avtomobilləri ilə taksi xidməti göstərənlər daşıyırlar. Belə nəqliyyat vasitələrinin bəzilərinin texniki vəziyyəti və sürücülərinin təhlükəsizlik qaydalarına əməl etməsi ürəkaçan deyil. Ona görə də hərdən çox ağır – bir neçə nəfərin ölümü ilə nəticələnən hadisələr də baş verir. Peşəkar sürücülərin idarə etdiyi müasir avtobuslar isə daha təhlükəsiz olar. Lakin gecə reyslərinin təhlükəsizliyinə çox diqqətlə yanaşılmalıdır. Heyətdə olan hər iki sürücü ən peşəkarlardan seçilməli və yaxşı təlimatlandırılmalıdır. Nəzərə alınmalıdır ki, şəhərlərarası yollarımızda gecə işıqlandırmasının olmaması, bəzən yük avtomobillərinin çox olması, yuxulayan sürücülərin ola bilməsi hərəkət şəraitini ciddi surətdə mürəkkəbləşdirir".



Ekspert qeyd edib ki, hər bir halda yollarda gecə vaxtı hərəkət daha risklidir: "Gecə reysinə buraxılan avtobuslara xüsusi sürət rejimi tətbiq edilməli, sürücülərin buna riayət etməsinə ciddi nəzarət (GPS-lə, taxoqrafla və s.) olmalıdır. Məsələn, Bakı-Gəncə marşrutu ilə avtobusun gecə vaxtı 90 km/saat-la hərəkəti kifayət qədər təhlükəlidir".

Qeyd edək ki, oktyabrın 1-də 9 illik fasilədən sonra şəhərlərarası istiqamətdə sərnişin avtobuslarının gecə reysləri bərpa olunub.

Azvision.az


Teqlər: Avtobus   Gecə   Reys  





Xəbər lenti