Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir
  28 Sentyabr 2019    Oxunub:1388
Ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrası müstəsna əhəmiyyət kəsb edir. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə işin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının vaxtında və tam təmin olunması istiqamətində ardıcıl təsirli tədbirlər görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası çərçivəsində məhkəmə qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin yüksəldilməsi, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın artırılması məqsədilə “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması üzrə konkret addımlar atılıb. İcra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlanıb.

Eyni zamanda, Fərmanın icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq hazırda 900 mini ötməsi ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, habelə icranın özəl qurumlara həvalə edilməsinə dair beynəlxalq praktika və müxtəlif dövlətlərin bu sahədə qanunvericiliyi öyrənilib, təcrübələri ilə yerində tanış olunub.

Məhkəmə qərarlarının icrası məsələsi bütün dövlətlərdə mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə alternativ mexanizmlər, o cümlədən icra işinin özəl qurumlara həvalə olunması institutu geniş tətbiq edilir. Özəl icra sisteminin ölkəmizdə tətbiqi məhkəmə qərarlarının icrasının daha operativ, səmərəli təmin edilməsinə, yekun məhkəmə qərarının vətəndaşın seçimi ilə istənilən icra məmuruna icra üçün təqdim olunmasına, icra sənədi statusuna malik borc müqavilələri üzrə sənədlərin məhkəməyə getmədən özəl icra məmurları ilə birbaşa müqavilə bağlanılmaqla icrasının təmin olunmasına imkan yaradacaq. Bu, həm də məhkəmələrin iş yükünün azaldılmasına, dövlətin icra sahəsində xərclərindən tam və ya qismən azad olmasına, özünümaliyyələşdirmə və rəqabət prinsipi əsasında qənaətbəxş gəliri olan çoxsaylı özəl iş yerlərinin açılmasına xidmət edəcək.

Ədliyyə Nazirliyi tərəfindən bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üzrə tədbirlər davam etdirilir. Bu məqsədlə nazirliyin İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti bu günlərdə Fransada və Niderlandda tanışlıq səfərində olub.

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə həyata keçirilmiş səfər zamanı nümayəndə heyəti həmin ölkələrin özəl icra sistemləri ilə yaxından tanış olub, müxtəlif görüşlər keçirib. Tədbirlərdə özəl icra qurumlarının xüsusiyyətləri, bu sahədə ədliyyənin fəaliyyəti, dövlətin maraqları, özəl icra məmurlarının istifadəsində olan elektron informasiya sisteminin funksionallıqları barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, təqdimatlar keçirilib. Həmçinin nümayəndə heyəti icra məmurlarının məhkəmə qərarlarının icrası ilə yanaşı, həyata keçirdikləri hüquqi xidmət, mediasiya, kollektor fəaliyyəti və digər işlər barədə məlumatlandırılıb.

Azvision.az


Teqlər: ƏdliyyəNazirliyi  





Xəbər lenti