Payız fəsli üçün hava proqnozu - Kəskin soyuqlar gözlənilmir

 Payız fəsli üçün hava proqnozu -  Kəskin soyuqlar gözlənilmir
  25 Sentyabr 2019    Oxunub:4762
Azərbaycanda payız fəslinin birinci yarısı ən əlverişli dövr kimi səciyyələndirilir. Temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur. Belə temperatur göstəriciləri insanlar üçün ən komfort temperatur göstəriciləri hesab oluna bilər. Eyni zamanda, günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi o qədər də mənfi təsir göstərmir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyev deyib. O bildirib ki, sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti hökm sürəcək.

"Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Keçən şənbə günündəki kimi olmasa da, sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də, şiddətli olmayacaq".



U.Tağıyeva qeyd edib ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq.

"Havanın temperaturunun 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi Şimal və Şərq regionlarında normadan bir qədər artıq olacaq. Keçid dövrünə xas olan proseslər noyabr ayının ikinci yarısında müşahidə olunacaq. Bu ayda arktik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez-tez müşahidə olunur".

U.Tağıyeva əlavə edib ki, fəsli proqnozlar Ümumdünya Metrologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır.

"Həmin mənbələrə istinadən deyə bilərik ki, regionda payız fəslində havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq. Etibarlı məlumatlar 3 günlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndidən qış fəslində havanın necə olacağı, qar yağıb-yağmayacağı barədə danışmaq tezdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti