“Özümüz təbiəti bu günə qoyuruq” - Nazirlik rəsmisi

“Özümüz təbiəti bu günə qoyuruq” -    Nazirlik rəsmisi
  25 Sentyabr 2019    Oxunub:1578
"Çimərlik mövsümü başlayandan təkcə Buzovna çimərliyinin ərazisi may, avqust, sentyabr aylarında tullantılardan təmizlənib. Lakin hər dəfə aksiyalar zamanı eyni ərazidə daha çox tullantının toplandığının şahidi olmuşuq. Yəni zibil azalmır"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. O bildirib ki, bu problem insanların çimərlik ərazilərinə yanaşması dəyişməyənə qədər davam edəcək:

"Yəqin, hər kəs mənimlə razılaşar ki, özümüz təbiəti bu günə qoyuruq. Evimizin içindəki zibili çıxarıb, evimizin kandarına atırıq, ətrafı çirkləndiririk. Təbiətə münasibət dəyişmədikcə, istirahət etdiyimiz ərazilər də daxil, hər yerdə ürək açmayan mənzərənin, tullantıların şahidi olacağıq".

İ.İbrahimova qeyd edib ki, bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etmək olmaz: "Hamılıqla məsələnin ciddiliyini başa düşək və əməli nümunə göstərək. Düzdür, bu, tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı da var. Onların bu məsələlərə diqqət yetirməsi olduqca vacibdir. Belə olsa nəticə daha tez əldə ediləcək və hamımızın daha təmiz ətraf mühitdə yaşamasına birgə nail olacağıq və təmizlik aksiyalarının keçirilməsinə də ehtiyac qalmayacaq"- deyə nazirlik rəsmisi vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Nazirlik   Təbiət  





Xəbər lenti