Hava məlumatlarının operativ çatdırılması üçün sayt hazırlandı

Hava məlumatlarının operativ çatdırılması üçün sayt hazırlandı
  25 Sentyabr 2019    Oxunub:3073
Hava məlumatlarının daha operativ çatdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni sayt hazırlanıb.
Azvision.az -ın məlumatına görə, bu barədə nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib. Qurum rəsmisi bildirib ki, yeni yaradılan meteo.az saytı əhaliyə, ölkəyə səfər etməyi planlaşdıran insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək.

U.Tağıyeva qeyd edib ki, saytdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə etmək mümkün olacaq. Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək.

"Azərbaycanda meteoroloji müşahidələrin 100 ildən artıq tarixə malik olduğunu nəzərə alaraq illər üzrə maraqlı rekord temperatur göstəriciləri təqdim ediləcək (konkret gün üçün mütləq minimum və mütləq maksimum temperaturu).

Sayt istifadəçilərinin müxtəlif maraq dairələrini nəzərə almaqla, burada fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteo-məlumat, ilin isti mövsümündə çimərliklər, ilin soyuq dövründə isə qış kurortları üçün məlumatları əldə edə bilərlər. Saytımızın digər özəlliyi bundadır ki, bəzi fiziki imkanları məhdud olan insanlar da nəzərə alınaraq, onlar üçün səsli hava proqnozları təqdim ediləcək. Bununla yanaşı hava-iqlim mövzusunda istər ölkəmizdə, istər dünyada baş verən proseslər və hadisələr işıqlandırılacaq. Məqsədimiz əhalinin hava məlumatı sahəsində marağını təmin etmək olduğu üçün istifadəcilər tərəfindən bizə daxil olan arzu və təklifləri də nəzərə alınacaq", - deyə U.Tağıyeva qeyd edib

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti