Gecə sərnişin daşımaları bərpa olundu

  25 Sentyabr 2019    Oxunub : 1594
Gecə sərnişin daşımaları bərpa olundu
Azərbaycanda şəhərlərarası gecə sərnişin daşımaları bərpa olunub.
Azvision.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) istinadən bildirir ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq NRYTN yanında DANX-ın Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib.

Alınan qərara əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb.

DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.

Qurum rəsmisi qeyd edib ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq.

Azvision.az

Teqlər: DANX