Tovuzda top mərmisi aşkarlanıb

Tovuzda top mərmisi aşkarlanıb
  25 Sentyabr 2019    Oxunub:3393
Sentyabrın 24-də, saat 18:56 radələrində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonu, Əlibəyli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən Azvision.az-a bildirilib ki, məlumata əsasında qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) 125 mm-lik top mərmisinin (OF-26) arxa hissəsi aşkar olunub götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən sentyabrın 24-dək 181 siqnal (əməliyyat çağırışı) əsasında 158 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1 877 ədəd partlamamış hərbi sursat (PHS), 28 508 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 22 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 154 120 kvadratmetr ərazi yerüstü və 10 277 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA   Ağstafa   Mərmi  





Xəbər lenti