Nemət Kərimli barədə Vəkillər Kollegiyasına müraciət edildi

Nemət Kərimli barədə Vəkillər Kollegiyasına müraciət edildi
  24 Sentyabr 2019    Oxunub:3663
"Son günlər bir sıra informasiya saytlarında və sosial şəbəkələrdə məhkum Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə gəldiyi zaman onun üzərində qanunsuz axtarış aparıldığı və guya müəssisə əməkdaşlarının onunla sərt davrandıqları barədə həqiqətə uyğun olmayan bəyanatı yayılıb".
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb. Qeyd olunub ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası"nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər.

"Vəkil Nemət Kərimli peşə fəaliyyəti ilə bağlı dəfələrlə istər məhkum Ə.Muxtarlı, istərsə də hüquqlarını müdafiə etdiyi digər məhkum və həbs edilmiş şəxslərlə görüşə gəlib, bu zaman cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına giriş-çıxış qaydaları ilə mütəmadi olaraq tanış edilib.

N.Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, sonuncu dəfə məhkum Ə.Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb.

Görüşdən sonra öz hərəkətlərinə siyasi don geyindirərək baxış prosedurunu “45-50 dəqiqə girov saxlama" kimi qiymətləndirməyə çalışan N.Kərimli guya qanunsuz hərəkətlərə məruz qaldığını qeyd edərək əməkdaşların onunla davranışını təhrif edilmiş formada öz maraqlarına uyğun ictimailəşdirib.

Bununla N.Kərimli bilərəkdən Penitensiar xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd edib, "Vəkillərin davranış qaydaları haqqında Əsasnamə"nin tələblərini pozub. Bununla əlaqədar Penitensiar xidmət tərəfindən həmin vəkil barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına müraciət olunub".

Azvision.az



Teqlər: Ədliyyə  





Xəbər lenti