"Feminist qızlarla pivə içən" İsgəndər bəyə açıq məktub - Baş redaktordan

   "Feminist qızlarla pivə içən"  İsgəndər bəyə açıq məktub -    Baş redaktordan
  23 Sentyabr 2019    Oxunub:15737
Bu yazını üzvü olduğu partiyanın “Whatsapp” qrupunda Əli Kərimlinin statuslarına şərh yazmaqla bağlı verilən tapşırıqları “Mən feministəm” deyərək rədd edən, əvəzində dənizə gedib, feminist qızlarla pivə içən İsgəndər bəyə həsr edirəm. O, mənim üçün son illərin ən böyük kəşfidir: Demək, AXCP-də bu qədər işıqlı, pozitiv, ürəkli insanlar da var imiş!
Mən AXCP-ni hər zaman siyasi kiborqun başçılıq etdiyi boz, insani zövqlərdən uzaq bir mexanizm kimi tanımışam. Yalnız aqressiv şəkildə radikal fikirlər tirajlayan, əks tərəfdə duranları xorla söyüb-hədələyən ruhsuz trollar yığınında maraqlı nə ola bilər? Amma birdən bu qaranlıq dünyanın səmasında Günəş kimi doğdu İsgəndər bəy! Məlum oldu ki, AXCP-də Kərimli kimi duzsuz adamın statuslarına rəy yazmaqdansa, gedib feminist qızlarla pivə içməyi daha üstün tutacaq qədər duzlu bir insan var imiş!

Bax, bu şəxs mənim üçün zəmanəmizin qəhrəmanıdır. Tanımasam da, dəqiq bilirəm ki, o, çox yaxşı bir adam olmalıdır, çünki “Yeyib-içən oğlan yaman olmaz”. Xüsusilə də, əgər feminist qızlarla içirsə. Mənim nəzərimdə İsgəndər kababı məhz bu böyük insanın adını daşıyır. Elif Şafak “İsgəndər” romanını məhz bizim bu cəbhəçi İsgəndər bəyə həsr edib. Həmin romanda feminist Elif xanım əslində “Mən kişi olsaydım, necə biri olardım” sualına cavab axtarır və əminəm ki, əgər bizim cəbhəçi İsgəndər bəyi tanısaydı, bütün başqa variantları kənara atılaraq, məhz onun kimi olmağı seçərdi.



Səmimi deyirəm, İsgəndər bəyin böyüklüyünü, əlahiddəliyini izah etməkdə çətinlik çəkirəm. Van Qoqun “Məhbusların gəzintisi” adlı rəsmini görmüsünüzmü? Dövrə vuran boz dustaqların arasında bir nəfər hamıdan fərqlənən, sanki işıqlı, ucaboy, kürən adam – bax, o, İsgəndər bəydir. Çoxlu qəzəbli piktoqramların arasında bir dənə pozitiv smaylik kimidir o; Yaxud, “Matrix” filminin lap sonunda sıra ilə düzülmüş qara kostyumlu Agent Simtlərin arasındakı Neo kimi.



Bu gün “müxalifətçi” deyəndə adamın ağlına belə bir ümumiləşmiş obraz gəlir: Uğursuz, heç bir işdə əli gətirməyən, bu səbəbdən hamıya qarşı çox qəzəbli, durmadan hakimiyyəti, dövləti söyüb-lənətləyən, aqressiv, həmişə çox gərgin olan, ətrafına nifrət və küdurət saçan bir tip. Amma bu cür tiplərin arasında qəfildən özünün feminist düşüncəsini partiyasının aqressiv siyasətindən daha dəyərli saydığı üçün, qəzəbli əmrlərə barmaq göstərib, xoşbəxt bir sima ilə dənizə tərəf gedən İsgəndər bəy ortaya çıxır. (Xoşbəxt sima ilə getdiyini haradan bilirik? Çox sadə: feminist qızlarla pivə içməyə gedən insanın sifəti başqa necə ola bilər ki?)

Yeri gəlmişkən, bu möhtəşəm bəyin pivə içdiyi qızların “feminist” adlandırılmasına çox da bənd olmayın – Klassik cəbhəçi qafası nə bilir, “feminist” nədir? Onlar üçün pivə içən hər bir qız, ərinin döyməsinə etiraz edən hər bir qadın feministdir. Belə qart beyinlərin arasında İsgəndər bəy kimi işıqlı təfəkkürün indiyə qədər necə tab gətirməsinin özü də böyük bir sirri-xudadır.

Təəssüf ki, mən İsgəndər bəyi şəxsən tanımıran. Bəy, çox xahiş edirəm, mümkündürsə mənimlə əlaqə saxlayın. Mən sizin kimi hal əhli olan bir insanla pivə içmək şərəfinə nail olmaq istərdim!.. Ümid edirəm, feminist qız olmamağım bu arzumun reallaşmasına heç bir əngəl törətməyəcək.



Dərin hörmətlə, sizin
Vüsal Məmmədov
Azvision.az



Teqlər: AXCP   İsgəndər   Feminist  





Xəbər lenti