“Kənddən Şəhərə” məhsulları Beynəlxalq Qida Sərgisində

“Kənddən Şəhərə” məhsulları Beynəlxalq Qida Sərgisində
  23 Sentyabr 2019    Oxunub:1656
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti sentyabrın 24-27-də Rusiyanın paytaxtında keçiriləcək Moskva Beynəlxalq Qida Sərgisində (“World Food Moscow”) iştirak edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildiriblər ki, sərgidə iştirakın əsas məqsədi yerli istehsal olan qida məhsullarınının tanıdılması və yeni beynəlxalq əməkdaşlıqların yaradılmasıdır.

Qeyd edək ki, Moskva Beynəlxalq Qida Sərgisi qlobal qida və içki sənayesinə xidmət edən böyük bir sərgidir və 1991-ci ildən keçirilir. Sərgi təşkil olunduğu ilk gündən etibarən böyük Rusiya bazarına çıxmaq istəyən beynəlxalq istehsalçıların əsas əməkdaşlıq mərkəzidir. Dünyanın müxtəlif ölkələrindən olan qida və içki məhsulları istehsalçıları öz məhsullarını tanıtmaq üçün bu platformada iştirak edirlər. Rusiya bazarının ölkəmiz üçün əhəmiyyətini nəzərə alan ATT də sərgidə yerli istehsal olan məhsullarla təmsil olunacaq, o məhsulların beynəlxalq tanıtımını həyata keçirəcək.

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Moskva Beynəlxalq Qida Sərgisində “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayı, Haşimi düyüsü, noxud, düyü unu, həmçinin qurudulmuş meyvə və tərəvəzlər (feyxoa, pomidor, alça, alma və s.), ağ kişmiş, qara kişmiş, badam, zəfəran çayı və s. yerli kənd təsərrüfatı və qida məhsulları sərgilənəcək. Tədbir çərçivəsində ATT nümayəndə heyəti beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və yerli istehsal olan məhsulların ixracının artırılması məqsədi ilə bir sıra görüşlər həyata keçirəcək.

Xatırladaq ki, ATT əsas vəzifələri ilə bərabər, həmçinin kiçik və orta fermer təsərrüfatı sahiblərini və yerli qida istehsalçılarını xarici ölkələrə məhsul ixrac etmələri üçün dəstəkləyir və onlara kömək göstərir. Bu günə qədər ATT-nin dəstəyi nəticəsində yerli fermerlər Gürcüstan, Ukrayna, Rusiya kimi ənənəvi, Birləşmiş Ərəb Əmirliyi, Nigeriya kimi ənənəvi olmayan ölkə bazarlarına məhsul ixrac ediblər.

Azvision.az



Teqlər: KTN  





Xəbər lenti