Hava şəraiti pisləşəcək - Xəbərdarlıq edildi

  20 Sentyabr 2019    Oxunub : 1233
Hava şəraiti pisləşəcək - Xəbərdarlıq edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Departamentdən Azvision.az -a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, sentyabrın 21-i səhər saatlarıdan başlayaraq şimal-qərb küləyinin 18-23 m/s olacaq, arabir küləyin sürətinin 25-30 m/s-dək güclənəcəyi gözlənilir, gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.

Güclü küləyin sentyabrın 22-i səhərədək davam edəcəyi gözlənilir. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağaçağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yağışın yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, sentyabrın 21-də isə bəzi Kür vadisi rayonlarda arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Azvision.az

Teqlər: Yağış   Külək