“Sanki əxlaqımızı bilə-bilə korlayırlar” - Tanınmışlardan etiraz

   “Sanki əxlaqımızı bilə-bilə korlayırlar” -    Tanınmışlardan etiraz
  20 Sentyabr 2019    Oxunub:2729
Bu gün Bakıda “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı Dəyirmi Masa keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə çıxış edən deputat Çingiz Qənizadə bildirib ki, bu siyasi tədbir deyil, sülh tədbiridir.

"İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır. Müharibə deyəndə ilk olaraq silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir vətəndaş müharibəsi də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir. "Facebook" və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir.

Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusi ilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi mümkün olmayan söyüş, təhqiramiz ifadələrini vurğulayardım".

Ç.Qənizadə qeyd edib ki, təhqir və böhtanların baş alıb getdiyi sosial şəbəkələrdən müxtəlif yaş qruplarını əhatə edən və müxtəlif sosial statusu olan insanlar, qadınlar, gənclər və hətta orta məktəb şagirdləri də istifadə edirlər:

"Bu cür hallar təbii olaraq vətəndaşlarımızın, gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir və bu, volverilməzdir. Sanki əxlaqımızı bilə-bilə korlayırlar və bu əxlaq yavaş-yavaş deqredasiya olunur. Məhz bugünkü tədbirin keçirilməsində məqsədimiz, milli- mənəvi və əxlaqi dəyərlərimizdən uzaq olan bu cür hallara qarşı etiraz səsimizi ucaltmaqdır".

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan dilinin leksikologiyasında söyüş və qarğış mənasını ifadə edən sözlərin çox olmasından təəssüfləndiyini bildirib: "Analarımız bizi yaxşı tərbiyə ediblər. Bu yaxınlarda bir kitab oxudum, orada ermənilər də gürcüləri söyürdü. Ermənilər fransızlara gürcüləri söydürən kitab yazdırırlar. Bu gün biz hiyləgər və riyakar düşmənlə üz-üzəyik. Mən fikir vermişəm, bizim dilimizdə çoxlu söyüşlər, qarğışlar var. Görəsən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?".

Tədbirə telefon bağlantısı ilə qoşulan Xalq artisti Arif Babayev də söyüş kampaniyasını davam etdirənlərə çağırış edib: "Biz hamımız azərbaycanlılarla fəxr edirik. Amma bəzi söyüş söyənləri görəndə üzülürük. Axı bu ölkənin azyaşlısı var, uşağı, körpəsi, qızı, gəlini var. Vallah, biz rahat yaşayırıq. Gəlin, söyüşləri yığışdırın. Gəlin, dövlət başçımızın ətrafında toplaşaq. Biz əsas torpaqlarımızın geri qayıtması üçün çalışmalıyıq. Söyüş söyənlərin bu hərəkətlərini eşidəndə halım dəyişir. Onlara çağırış edirəm ki, söyüşü dayandırsınlar".

Tədbirdə çıxış edən digər qonaqlar da söyüş, təhqirə "yox" deyiblər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Facebook   Sosial-Şəbəkə  





Xəbər lenti