Məşğul şəxslər barədə elektron reyestr yaradılır

Məşğul şəxslər barədə elektron reyestr yaradılır
  20 Sentyabr 2019    Oxunub:2296
Nazirlər Kabineti “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiqləyib.
Azvision.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Vahid informasiya ehtiyatı olan reyestrin istifadəsi və mühafizəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təmin ediləcək.

Qərarda qeyd olunub ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən ƏƏSMN-ə təqdim olunacaq. Həmçinin ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən, Silahlı Qüvvələrdə xidmət edənlər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən və ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında müşayiət məktubu ilə Nazirliyə təqdim olunacaq.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti