AzTV-nin yeni loqosunun mənası nədir? - Sədr açıqladı

 AzTV-nin yeni loqosunun mənası nədir? -  Sədr açıqladı
  18 Sentyabr 2019    Oxunub:7486
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov AzTV-nin yeni loqosunun hansı məna ifadə etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, R.Məmmədov loqoda niyə 3 bucaq təsvir olunduğunu belə izah edib:

“Özlüyündə sadə, lakin düşünürük kifayət qədər müasir formaya malik yeni loqonun elə bir o qədər də sadə rəmzi mənası var. Belə ki, 3 bucağın hər bucağı konkret dövrü ifadə edir: keçmiş, bu gün və gələcək.

1-ci bucaq: Azərbaycan Televiziyası 63 illik zəngin tarixi keçmişə və özünəməxsus ənənələrə, inkişaf yoluna malikdir. Zaman dəyişsə, yeni zövqlər və tələblər meydana gəlsə də biz tariximizə bağlıyıq və atdığımız hər bir addım məhz həmin ənənələrə, kökə söykənməlidir.



2-ci bucaq: Auditoriya uğrunda sözün əsil mənasında gərgin mübarizənin getdiyi müasir günümüzdə biz zamanla ayaqlaşmalı və tamaşaçı zövqünə cavab verməliyik. Deməli, tarixiliklə yanaşı müasir tələblər də əsas götürülməli, müasirliklə ayaqlaşmalı, hətta bəzi prinsiplər dəyişməlidir.

3-cü bucaq: Biz gələcəyə baxırıq və əsas hədəfimiz doğma kanalımızı yalnız Azərbaycanda deyil, MDB məkanında, regionda və bir qədər də qabağa gedərək dünyada aparıcı informasiya vasitələrindən birinə çevirməkdir. Bu yolda dəstəyimiz - müstəqil Azərbaycan dövləti və yorulmadan çalışan böyük yaradıcı kollektivimizdir. Beləliklə, yeni loqo özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir. Vətənimiz, millətimiz üçün xeyirli olsun".

Azvision.az


Teqlər: Aztv   Logo  





Xəbər lenti