İran səfirliyi ermənilərin yaydığı məlumatı yalanladı

  18 Sentyabr 2019    Oxunub : 1286
 İran səfirliyi ermənilərin yaydığı məlumatı yalanladı
Qondarma "Dağlıq Qarabağ"dan hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.
Bu barədə Azvision.az -a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfirliyin İranın rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib.

Qeyd olunub ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək.

“Səfirlik bir daha vurğulayır ki, İran Azərbaycanın müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olub və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz”, - məlumatda bildirilib.

Qeyd edək ki, İranda ənənəvi erməni idman olimpiadası keçirilir. Yarışmaya qondarma “Dağlıq Qarabağ”ın komandasının da qatılması barədə erməni KİV-lərində xəbərlər yayılıb.

Azvision.az

Teqlər: İran   Azərbaycan