Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL

 Əli Kərimli Müsavatı ələ keçirir? -  TƏHLİL
  18 Sentyabr 2019    Oxunub:8628
Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi ilə bağlı qərar qəbul edib. Bununla da partiyada başqanlıq seçimlərinə start verilib. Eyni zamanda bu qurultay partiyanın növbəti dəfə parçalanması ilə tarixə düşə bilər. Çünki hazırda Müsavatda Arif Hacılıya qarşı müxalif qrup formalaşıb və onlar partiyanın şəffaf idarə olunmadığını hesab edirlər.
Ümumilikdə isə Arif Hacılının gizli “mühacir biznesi” və daxili çəkişmələr fonunda Müsavat olduqca gücdən düşmüş, çarəsiz vəziyyətdədir.

Bəs, partiyanın yeni başqanı kim olacaq?



Başlayaq xeyli əvvəldən, qurultayda namizəd olacağını elan etmiş və qurultay qərarı elan edilər-edilməz iddiasını ortaya qoyan Yadigar Sadıqlıdan. O, hazırki sədr Arif Hacılının ən sərt tənqidçisi hesab olunur. Dəfələrlə Müsavatdakı idarəolunmaz vəziyyətə etirazını bildirib:

“Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”.

Hazırda onun namizədliyini yalnız Arif Hacılıdan narazı qalan şəxslər dəstəkləyir. Real mənzərə Sadıqlının başqan seçilmə şansının o qədər də yüksək olmadığını göstərir. Ortada ondan iddialı daha bir naməzid var.



Müsavatda AXCP sədri Əli Kərimlinin adamı kimi tanınan Tofiq Yaqublu da başqanlıq iddiasına düşüb. O deyib ki, “son günlər götür-qoy etdikdən sonra” belə qərara gəlib. Arif Hacılının yarıtmaz fəaliyyətindən şikayətçi olan bir qrup şəxs Yaqublunu Müsavat rəhbəri görmək istəyir. Lakin onun rəqib komandanı təmsil edən Əli Kərimliyə yaxınlığı partiyada birmənalı qarşılanmır. Bundan daha çox Arif Hacılının yandaşları əks arqument kimi istifadə edirlər. Onlar bu mövqedədirlər ki, AXCP sədri Yaqublu vasitəsilə Müsavatı təsir dairəsinə salmağa can atır. Belə baxanda haqsız sayılmırlar. Axı, Kərimlinin sadiq adamı olan Yaqublu başqan olarsa, əlbəttə, onun sözündən çıxmayacaq və faktiki olaraq Müsavat AXCP-nin bir qoluna çevriləcək.

Seçim ərəfəsində AXCP-nin trol şəbəkəsinin Tofiq Yaqublunun rəqiblərini virtual meydandan "tərkisilah" edəcəyi və sosial şəbəkələrdə Arif Hacılıya qarşı kampaniya başladılacağı gözlənilir. Əli Kərimli ilə Arif Hacılının münasibətinin pis olması bu iddiaları daha da gücləndirir. Belə məqamda Əli Kərimli üçün ən sərfəli variant Tofiq Yaqublunun başqan seçilməsidir.



Nəhayət, növbə Arif Hacılıya gəldi. Hazırkı başqan hələlik yenidən namizəd olub-olmayacağını elan etməyib. Tərəddüd içində olduğu deyilir, partiyanın keçmiş sədri İsa Qəmbərin razılığından sonra qərarını elan edəcəyi gözlənilir. Bununla belə o, bir neçə gün öncə siyasətdə olmasının 30 illiyinə dair paylaşım edərək geri çəkilmək fikrində olmadığının mesajını verdi.

Daha bir maraqlı məqam tərəfdarlarının İsa Qəmbərin yenidən başqanlığa namizəd olacağına dair məlumatlar yaymasıdır. Bu da onunla izah oluna bilər ki, Hacılı sonadək təbliğat-təşviqatını gizli aparacaq. Həm də yaxşı bilir ki, İsa Qəmbərin yenidən başqan olacağı inandırıcı deyil. Belə məqamda öz yumuşaq kreslosundan durmamaq üçün sonadək "vuruşacaq"



Müsavatdakı seçkinin elan olunması daha vacib məqamı ortaya çıxardı. Bu, Yaqublu-Sadıqlı üstəgəl Amerikaya köçən sabiq başqan müavini Elman Fəttahın qurduğu üçlü ittifaqın iflasa uğramasıdır. Hələ xeyli öncə adı çəkilən şəxslər Arif Hacılıya qarşı birləşmişdilər və qurultayda Tofiq Yaqublunun sədr seçilməsinə çalışacaqlarını bildirmişdilər. İndi isə fərqli situasiya yaranıb. Başqanlıq statusu uğrunda təkcə Arif Hacılı deyil, Yadigar Sadıqlı və AXCP-nin Müsavatdakı "səfiri" Tofiq Yaqublu da mübarizə aparır. Görünən odur ki, yaxın gələcəkdə Müsavatı xoş heç nə gözləmir. İstefalar, daxili toqquşmalar və siyasi qarşıdurmalar... Ən yaxşı halda qocaman partiyada bunların şahidi olacağıq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Müsavat   Qurultay   Seçki  





Xəbər lenti