DİN-də kollegiya iclası keçirilib - FOTO

  16 Sentyabr 2019    Oxunub : 1292
DİN-də kollegiya iclası keçirilib - FOTO
Sentyabrın 16-da Daxili İşlər Nazirliyində (DİN) “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb. O, müvafiq sahələrdə əməliyyat-xidməti fəaliyyətin məqsədyönlü təşkilinin insan hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin etibarlı qorunması, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edərək əldə edilmiş nəticələrdən, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün görüləcək işlərdən danışıblar.

Məruzələr ətrafında ayrı-ayrı şəhər və rayon polis orqanlarının rəisləri çıxış ediblər.



İclasa yekun vuran nazir V.Eyvazov cari ilin səkkiz ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanıldığını diqqətə çatdırıb. O, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.

Daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumilikdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.



İlk növbədə, cari ilin ötən dövründə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildirən nazir bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri tədbirlər barədə konkret tapşırıqlar verib.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin də vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu xatırladan nazir bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul olunmasının, cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın istintaq və təhqiqat prosesində ödətdirilməsinin, polisin səlahiyyətinə aid məsələlərlə əlaqədar göstərilən xidmətlərin nümunəvi təmin edilməsinin hər bir orqan rəisinin gündəlik nəzarətində saxlanılmasının vacibliyini nəzərə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, daha böyük əzmlə çalışacaq.

Azvision.az

Teqlər: DİN   Kollegiya   İclas