Şərurda sənaye məhəlləsi yaradılır - Fərman

 Şərurda sənaye məhəlləsi yaradılır -  Fərman
  13 Sentyabr 2019    Oxunub:3054
Prezident İlham Əliyev sentyabrın 13-də “Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərman Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılacaq.

Müəyyən edilir ki, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə tapşırılır ki, Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün. Eləcə də Şərur Sənaye Məhəlləsində istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin, Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

“Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1173) aşağıdakı dəyişikliklər edilir:

1.3-cü bəndə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.4-cü bəndə “Açıq Səhmdar Cəmiyyətinə” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;

3-cü hissəyə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti)” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Azvision.az


Teqlər: Fərman   Prezident  





Xəbər lenti