BMT və Almaniya Azərbaycanda qaçqın tələbələrə yardım edir

BMT və Almaniya Azərbaycanda qaçqın tələbələrə yardım edir
  13 Sentyabr 2019    Oxunub:2333
Bu gün BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso və Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ali təhsil xərclərinin qarşılanması məqsədi ilə təqaüd almış 9 qaçqın tələbə ilə görüşüblər.
Təqaüdlər Almaniya federal hökumətinin maliyyə dəstəyi ilə BMT QAK-ın DAFI (Qaçqınlar üçün Albert Eynşteyn adına alman akademik təşəbbüsü) proqramı çərçivəsində verilib.

Görüşdəki nitqində BMT QAK-ın Ölkə üzrə nümayəndəsi Guido Ambroso qaçqınların həyatlarını yenidən qurmalarına imkan yaradılmasında təhsilin vacibliyini və rolunu vurğulayıb. Nümayəndə, həmçinin beynəlxalq himayəyə ehtiyacı olan şəxslərin ölkədə qalmasına icazə verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. Guido Ambroso çıxışının sonunda BMT QAK-dan müavinət alan qaçqınları, o cümlədən, DAFİ təqaüd proqramından dəstək alan tələbələri ödənişsiz olaraq bank kartları ilə təmin etdiyinə görə Azərbaycan Beynəlxalq Bankına təşəkkür edib.

Daha sonra çıxış edən Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Wolfgang Manig isə Azərbaycan hökümətinin hər zaman qaçqınlara yardımlarını əsirgəmədiyini vurğulayib. Onun sözlərinə görə, qaçqınlara verilən bu təqaüd iki tərəfli olaraq həm Azərbaycan, həm də tələbələr üçün faydalıdır. Səfir bilidirib ki, Azərbaycan bu addımı atmaqla həm də öz əmək bazarı üçün də yaxşı stimul yaratmış olub.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəisi Aydan Seyidova miqrantların, qaçqınların və sığınacaq axtaranların himayəsinin və onlara təklif olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin gördüyü işlərdən danışıb. Ölkədə təhsil alan qaçqın tələbələrin gələcəkdə əmək bazarına çıxış ilə problem yaşamayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan bu istiqamətdə texniki məsələlərin həlli istiqamətində çalışır.

Tədbirdə, həmçinin seçilmiş tələbələrin valideynləri və qaçqın icmasının nümayəndələri iştirak ediblər. Onlar Azərbaycanda qaçqınlar üçün yaradılan səmimi qonaqpərvərlik mühitini yüksək dəyərləndirib, tolerantlığına və qonaqpərvərliyinə görə yerli sakinlərə minnətdar olduqlarını bildiriblər.

Qeyd edək ki, BMT QAK-ın ali təhsil təqaüdü proqramı olan DAFI dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən indiyədək proqram çərçivəsində 15.500-dən çox qaçqın tələbənin sığınacaq tapdıqları 50-dən artıq ölkənin, o cümlədən Azərbaycanın universitet və kolleclərində təhsil almalarına yardım göstərilib. DAFI proqramı Azərbaycanda 2010-cu ildə fəaliyyətə başlayıb, indiyədək 36 gənc qaçqına dəstək göstərilib, o cümlədən bu yaxınlarda 2019-2020-ci tədris ilinin başlanması ərəfəsində 9 yeni tələbə bu məqsəd üçün seçilib.

Günel İbrahimova
Hürü Əliyeva



Teqlər: BMT  





Xəbər lenti