Padşah və planşet, yaxud, uşaqlarımıza nə göstərək?

      Padşah və planşet,    yaxud, uşaqlarımıza nə göstərək?
  05 Sentyabr 2019    Oxunub:3468
Şəlalə Göytürk

Oğlum Amur üçün Azərbaycan dilində musiqili animasiya filmləri axtarırdım. Youtube-də qarşıma çıxan “uşaq mahnıları” adlı videonu tıkladım. Sovetdənqalma “Cücələrim”, “Kuklam”, “Bizim həyət” kimi bir neçə tanınmış uşaq mahnısı səslənməyə başladı.
Aydın məsələdir ki, uşaq mahnıları qulağayatımlı, xoşagələn səslə oxunmalıdır. Xarici ölkələrdə uşaq mahnılarını əsasən, uşaq səsi ifa edir. Bizim videoda isə gözlədiyimin əksinə olaraq, kal yeniyetmə səsi mızıldamağa başladı. Sözləri aydın tələffüz etmədiyindən, nə oxuduğu anlaşılmırdı. Adicə, “ay canı məstan xoruz” əvəzinə, “ay canı mərcan xoruz” oxumağından bilinirdi ki, ifaçının nə bu şeirdən, nə də musiqidən xəbəri var. Səs isə o qədər qıcıqverici idi ki, qulağımın içi qaşındı.

Videonu dayandırıb, keçdim başqasına. Bu videoda mahnıları incə qız səsi oxuyurdu, sözləri də aydın tələffüz edirdi. Amma mahnılara çəkilmiş animasiyalar bərbad gündə! Heyvanların qonaqlığı təsvir edilən səhnədə dovşan yumurta, ördək isə kələm yeyirdi. Canavarın tort yeməyini görməmək üçün videonu yarıda saxlayıb, indiki jurnalistlər demiş, “keçid aldım” intellektual-öyrədici videolara.

Öyrədici videolarda gözümə girən ən böyük problem səslə görüntünün üst-üstə düşməməsi oldu. Məsələn, ekranda 10 göstərilir, danışan səs isə 11 deyir. Ekranda qırmızı top göstərilir, yuxudan kal durmuş narazı bir səs “bənövşəyii!”-deyib əsnəyir.

Danışıqla müşaiyət olunan əksər videolarda mətni oxuyan şəxslərin diksiyası səsləndirmə üçün ümumiyyətlə, yaramır. Animasiya videoların demək olar ki, əksəriyyətində ədəbi dil normaları, (xüsusən, orfoepiya) biabırçı dərəcədə çox pozulur. Məsələn, videoda uşaq səsi belə danışır:
“Atam bu oyuncağı mənə alMIŞDIR. Quş dən YEyirdi. Onu sənDƏN alacağam”.

“İntellektiniz özünüzə qalsın”,- deyib, keçdim “Gülzar nənənin nağılları” bölümünə. Nağıl ənənəvi qaydada: “Biri var idi, biri yox idi” cümləsi ilə başladı. Ardınca: “bir padşah var idi. Padşahın üç qızı var idi. Padşah qızlarını ərə vermək istəyirdi, amma layiqli kürəkən tapmırdı ki, tapmırdı”- deyəndə, uşaq soruşdu ki, ana, padşah nədir, ərə vermək nədir, kürəkən nədir?

Dedim, bala, bax, onu Gülzar nənədən soruşmaq lazımdır, görək padşahın qızını ərə verməyə adam tapmaması planşetdə mürəkkəb zəka oyunu oynayan uşağın nəyinə lazımdı?

Animasiya filmlərinin bəziləri Mədəniyyət Nazirliyinin “Azanfilm” studiyasında hazırlanıb. Əvvəla, uşaqlar üçün film istehsal edən milli bir mərkəzin adı niyə “Azan” olmalıdır? İkincisi, çox maraqlıdır, o boyda nazirlikdə uşaq psixologiyasından anlayan, ədəbi dili, məntiq və estetika qanunlarını yaxşı bilən peşəkar mütəxəssislər yoxdurmu? Bəs, film redaktorları hara baxır? Uşaqlarımızın təlim-tərbiyəsinə, əyləncəsinə bunca diqqətsiz, məsuliyyətsiz, sayğısız yanaşmaqla onları hansı gələcəyə hazırlayırıq? Nə vaxta kimi uşaqlarımızın beyninə qardaşlarının Məlikməmmədin ipini kəsib, quyuya buraxmağını yeridəcəyik?
Təbii, uşaqlar zamanla xeyir-şər, yaxşı-pis kimi anlayışlarla tanış olmalı, həyatı öyrənməlidirlər. Lakin nəzərə alınmalıdır ki, “Məlikməmməd” tipli nağıllar böyüklər üçün uydurulub. Bu nağıllardakı zorakı epizodlar, fitnə-fəsad uşağın həssas psixologiyasını, xəyal dünyasını zədələyir, psixikasına travmatik təsir göstərir, altşüuruna işləyir. Olmazmı, uşaqlarımıza xeyirxahlıq, yardımsevərlik aşılayan, təbiəti, insanları, canlıları sevməyi öyrədən ssenarilər yazaq, filmlər çəkək?

Etiraf etməliyik ki, Azərbaycan nağıllarının çoxu 16+dur. Azyaşlı uşaqların onları dinləməsi məsləhət deyil. Bu yaxında sosial şəbəkədə 3-cü sinif “Oxu” dərsliyində getmiş nağıldan bir parça paylaşılmışdı. Nağılda üç qardaşın hamilə bacılarını öldürmək üçün meşəyə aparmalarından danışılırdı.

İbtidai sinif şagirdinin kitabına belə psixopat mətnlər salan tərtibatçıları təhsil sisteminin həndəvərinə də yaxın qoymaq olmaz. Hələ demədiyimiz, yazmadığımız nə qədər nümunə var.

Qardaş Türkiyənin uşaqlar üçün istehsal etdiyi cizgi filmlərində vəziyyət bizə baxanda, xeyli qənaətbəxş olsa da, onlarda da uşaq psixikasına zədə vuran məqamlara çox rast gəlinir. Ananın evdə gəzən siçan balasına ölümcül zərbə vurması, toyuğu kəsib yemək barədə mahnı, uşağın xoruzunu oğurlamaq kimi zorakı, aqressiya törədici səhnələr, təslimiyyətçilik və mütilik aşılayan “yerindən kalk haydı, əllər yanına haydı, oyuncaklar dolablara haydı” kimi əsgəri əmrlər formasında olan tərbiyə üsulları körpənin formalaşmaqda olan azad iradəsinə, müstəqil düşünmə qabiliyyətinə ciddi zərər vurur. Hələ, hər dəfə videonun ortasına dürtülmüş ticarət reklamlarının uşaqları əsəbiləşdirdiyindən danışmıram.

Ona görə də, bir çox valideynlər övladlarının, hər uşağın yaş psixologiyasını nəzərə alan, həyatı düzgün istiqamətləndirən ingilis, rusdilli cizgi filmlərinə baxmalarını, bu dillərdə oxuyub-yazmalarını, düşünmələrini istəyirlər. Məncə, haqlıdırlar!



Teqlər:





Xəbər lenti