“Diqqət uşaqlar!” - Yol polisi hərəkətə keçdi

 “Diqqət uşaqlar!”  - Yol polisi hərəkətə keçdi
  05 Sentyabr 2019    Oxunub:3287
Astarada Dövlət Yol Polisi əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində keçirilən tədbirlərlə bağlı Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən profilaktiki işlərə başlanılıb.

Nəqliyyat vasitələrin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunması polisin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Astara RPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb.

Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir. Eyni zamanda bu istiqamətdə dövlət yol polisi əməkdaşları tərəfindən uşaqlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə məktəblərdə yol hərəkəti qaydaları üzrə açıq dərslərin və digər zəruri maarifləndirici aksiyaların keçirilməsi də nəzərdə tutulub.




Azvision.az


Teqlər: DYP  





Xəbər lenti