Narkotik satan müsavatçı tutuldu - FOTO, VİDEO

Narkotik satan müsavatçı  tutuldu - FOTO, VİDEO
  07 Dekabr 2013    Oxunub:1682
`Əgər əmin olsaq ki, Mehdi Niftəliyev gerçəkdən də narkotik satır, onu ilk lənətləyən də “Yeni Müsavat” olacaq`.

Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Gömrük Komitəsi (DGK) Müsavat Partiyası Babək rayon təşkilatının sədr əvəzi Mehdi Niftəliyevinin həbsi ilə bağlı məlumat yayıb.

Hər iki qurumun mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda bildirilir ki, Naxçıvan MR DGK və MTN əməkdaşlarının birgə əməliyyatı nəticəsində İran İslam Respublikasından muxtar respublika ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.

24 noyabr 2013-cü ildə İran İslam Respublikasından Naxçıvan MR-ə qayıdan Babək rayonunun Nehrəm kənd sakini Niftəliyev Mehdi Məmmədhəsən oğlu Culfa gömrük sərhəd-buraxılış məntəqəsində muxtar respublika gömrük və təhlükəsizlik orqanlarının birgə keçirdikləri əməliyyat zamanı saxlanılıb, onun üzərində şəxsi axtarış aparılıb və gətirdiyi əşyalara baxış keçirilib. M.Niftəliyev üzərində aparılmış şəxsi axtarış nəticəsində onun ayağına geydiyi ayaqqabıların hər birinin daban hissəsindəki deşiklərdə gizlədilən, ümumilikdə 13 bükümdə xalis çəkisi 2,366 qram heroin, 1,387 qram tiryək, 0,979 qram həşiş qətranı olan narkotik vasitələr müəyyən edilərək götürülüb.

Naxçıvan MTN əməkdaşları tərəfindən həmin tarixdə M.Niftəliyevin Babək rayonunun Nehrəm kəndində yaşadığı evinə və həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı isə yaşadığı evdən və həyətyanı torpaq sahəsindəki hasarın dibinə yığılmış taxta-odun parçalarının altından müxtəlif bükümlərdə xalis çəkisi 307,817 qram heroin, 31,734 qram həşiş qətranı, 26,66 qram tiryək narkotik vasitələri aşkar edilərək götürülüb və hal şahidlərinin iştirakı ilə sənədləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, M.Niftəliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Naxçıvan şəhər məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib, saxlanması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasına təhvil verilib və hazırda da orada saxlanılır. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumatda həmçinin ictimaiyyətin nəzərinə çatdırılır ki, “Mehdi Niftəliyevin guya siyasi fəaliyyəti ilə əlaqədar saxlanılması və saxlanıldıqdan sonra işgəncələrə məruz qalması barədə “Azadlıq Radiosu” və “Yeni Müsavat” qəzetlərində təqdim olunan məlumatlar tamamilə həqiqətdən uzaq və böhtan xarakterli olub, məlum şəxslər dairəsi tərəfindən təxribat məqsədilə səsləndirilən uydurmalardır. Bu cür böhtan xarakterli məlumatların dəfələrlə onlar tərəfindən təkrar olunması isə bütün əxlaq və davranış normalarına ziddir”.

AzVision.az xəbər verir ki, hadisə ilə bağlı “Yeni Müsavat” qəzetinin redaksiyası da münasibət yayıb: “Redaksiya bildirir ki, qəzetə Mehdi Niftəliyevi yaxından tanıyan yerli müsavatçılar və partiyanın mətbuat xidmətindən daxil olan məlumatları çap edib və burada qəzeti hər hansı xəbər və mövqeni yaydığına görə suçlamaq absurddur. Biz Mehdi Niftəliyevin günahsız olduğuna inanmışıq, buna görə də onu müdafiə edən xəbərləri yaymışıq. Əgər əmin olsaq ki, Mehdi Niftəliyev gerçəkdən də narkotik satır, onu ilk lənətləyən də “Yeni Müsavat” olacaq. Yəqin ki, bu xəbərdəki videonun daha geniş və daha inandırıcı variantı var. Çünki APA vasitəsi ilə yayılan versiyada məsələ yenə də aydınlaşmamış qalır. Narkotiklərin ona məxsus olması barədə Mehdi Niftəliyevin etirafı da yoxdur.

Qalereya




Teqlər:  





Xəbər lenti