“Yəhudi buterburodu”, düşmənə qan udduran qəhrəman: “Müharibənin axırına kimi…” - VİDEO+FOTO

  “Yəhudi buterburodu”, düşmənə qan udduran qəhrəman: “Müharibənin axırına kimi…” -  VİDEO+FOTO
  04 Sentyabr 2019    Oxunub:13824
Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda heykəli ucaldılıb. Heykəl Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulub. Hazırda heykəlin quraşdırılma işləri gedir. Müəllifi Ömər Eldarov olan heykəlin oktyabr ayında açılışı nəzərdə tutulub.
Azvision.az -ın məlumatına görə, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.



Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.



Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. Onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

Milli Qəhrəmanımız Albert Aqarunov qızğın döyüşlərin getdiyi vaxtda verdiyi müsahibədə bildirmişdi:

-Adın nədir?
- Albert.
- Hansı millətdənsən?
- Yəhudi.
- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
– Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.
- Bir vətəndaş kimi borcunu nədə görürsən?
– Gəlib torpağı qorumaqda.
- Nə qədər vuruşmağı düşünürsən?
– Müharibənin axırına kimi…




A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.









Anar Kəlbiyev
Azvision.az


Teqlər: AlbertAqarunov   MilliQəhrəman   Heykəl  





Xəbər lenti