“Elektron məhkəmə” islahatlarına dair müzakirə aparıldı

“Elektron məhkəmə” islahatlarına dair müzakirə aparıldı
  03 Sentyabr 2019    Oxunub:1449
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planı müzakirə olunub.
Mərkəzin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, inzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılması, aidiyyəti qurumlarla inteqrasiyasının təşkili, elektron sistemin imkanlarının genişləndirilməsi əsas müzakirə mövzusu olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi zamanı bildirib ki, məhkəmə sistemi sahəsində islahatlarla bağlı İcra və Kommunikasiya Planına əsasən hədəf “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” layihəsinin hazırlanmasıdır. Həmçinin İcra və Kommunikasiya Planı üzrə təyin olunan orqan və qurumlar mərhələlərlə “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunacaq.

V.Qasımlı əlavə edib ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Müzakirə zamanı məlumat verilib ki, sahibkarlıq subyektləri, aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma sahəsində növbəti yarım il üçün də görüləcək işlər genişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin istifadə qaydaları hazırlanacaq. Sistemdən istifadə qaydaları ilə bağlı hakimlərə, məhkəmə aparatı işçilərinə və vəkillərə təlimlər keçiriləcək. Bundan başqa məhkəmə sistemi üzrə aparılan islahatlarla bağlı sahibkarlar arasında sorğular keçiriləcək, məlumat xarakterli broşürlər və digər materiallar hazırlanacaq.

Aidiyyəti qurumlarla aparılan müzakirə zamanı qeyd olunub ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə ictimai nəzarət məqsədilə qaynar xətt yaradılacaq. Sistemlə bağlı statistik məlumatlar mütəmadi ictimaiyyətə açıqlanacaq, bu sahədə aparılmış islahatların üstünlükləri və nəticələri barədə KİV-də və sosial şəbəkələrdə silsilə çıxışlar təşkil ediləcək.

Məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planının müzakirəsində İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, KOB İnkişaf Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Ekvita” şirkəti, “PricewaterhouseCoopers Azerbaijan” şirkəti, “BM Morrison Partners” şirkəti, “KPMG Azerbaijan Ltd”, “Deloitte Azerbaijan”, “Azərbaycanda Amerika Ticarət Palatası” ictimai birliyi, “MGB Law Offices”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, “Bakı Hüquq Mərkəzi”, “Adrem Attorneys Hüquq” şirkətinin nümayəndələri iştirak edib.

Azvision.az


Teqlər: Elektronməhkəmə  





Xəbər lenti