Subsidiyalarla bağlı yeni qiymətlər açıqlandı - FOTO

  Subsidiyalarla bağlı yeni qiymətlər açıqlandı -    FOTO
  02 Sentyabr 2019    Oxunub:6542
Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını müəyyən edib.

Azvision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. Onun sözlərinə görə, 2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək:


"Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub. Belə ki, hər hektara buğda 200, çəltik 280, soya 260, sorqo 100, digər dənli və dənli paxlalılar - arpa, çovdar, darı, vələmir, noxud, mərci 160 manat subsidiya veriləcək. Bundan başqa qarabaşaq 180, yer fındığı 180, zəfəran 400, günəbaxan 200, tütün 280, pambıq 220, şəkər çuğunduru 280, kartof 240, tərəvəz 240, bostan bitkiləri 220, digər bitkilərin hər hektarına 100 manat subsidiya ödənəcək".



Nazir müavini qeyd edib ki, Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.



Onun sözlərinə görə, Aqrar Subsidiya Şurası, həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.

Həmin əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Həmin ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.

Elvin Abdulqədirov
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Nazirlik   Subsidiya  





Xəbər lenti