Qeyri-neft sektoru üzrə ixrac 26% artıb

Qeyri-neft sektoru üzrə ixrac 26% artıb
  30 Avqust 2019    Oxunub:1541
Qeyri-neft sektoru üzrə ixrac ötən ilin 7 ayı ilə müqayisədə 17 faiz və 164 milyon dollar artıb. İyul ayında Azərbaycandan 154 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisəıdə 132 milyon dollar və ya 26 faiz artım deməkdir.

“Cari ilin 7 ayında qeyri-neft ixracında liderliyi pomidor təşkil edir, 141 milyon dollar dəyərində pomidor ixrac olunub. İkinci yerdə qızıldır, 85 milyon dollar qızıl ixrac olunub. Qızıl ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artım müşahidə olunub. Üçüncü yerdə 82 milyon dollar ixracla pambıq mahlıcı gəlir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq mahlıcında 84 faizlik artım olub”.

R.Hüseyn qeyd edib ki, cari ilin 7 ayı ərzində ölkədə 345 milyon dəyərində meyvə- tərəvəz ixrac olunub. Meyvə-tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artım qeydə alınıb.

“Qeyri-neft sektoruna aid məhsullar 2017 və 2018-ci illərdə olduğu kimi bu il də daha çox Rusiya Federasiyasına ixrac olunur. Rusiyaya 7 ay ərzində 396 milyon dəyərində mal ixrac olunub və ixracda 12 faiz artım qeydə alııb. İkinci və üçüncü yerlərdə Türkiyə və Gürcüstandır. Türkiyəyə cari ilin 7 ayı ərzində 251 milyon dollar dəyərində (17 faiz artım), Gürcüstana isə 100 milyon dollar (23 faiz artım) dəyərində mal ixrac olunub. Təhlillər göstərir ki, ilin sonuna qədər Azərbaycandan 5 və daha artıq məhsul üzrə 100 milyon dollardan çox ixrac həyata keçirə bilərik. Ötən il isə 3 məhsul üzrə 100 milyon dollar dəyərində ixrac olub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İxrac   Qeyri-neft  





Xəbər lenti