Hərbçilərin əmək pensiyasının hesablanması qaydası dəyişdi
Qüvvədə olan Qaydaya əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
Dəyişikliyə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə, yəni sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ sayılacaq.
Qeyd edək ki, hərbi qulluqçular xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar. Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır. Məhz buna görə də Milli Məclis “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli qanun qəbul edib. Nazirlər Kabineti də “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda müvafiq dəyişiklik edib.
Azvision.az
Teqlər: Hərbçi Nazirlər-Kabineti