70 yaşlı şeyxin özəl günü - FOTOLAR

  70 yaşlı şeyxin özəl günü -    FOTOLAR
  26 Avqust 2019    Oxunub:3277
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür.
Azvision.az xəbər verir ki, QMİ sədrinin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illi tamam olur.

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəranın Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb.

1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib.

15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİ-nin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilib.

Qeyd edək ki, A.Paşazadə 1991-ci ildə Bakı İslam Universitetini təsis edib. Hazırda dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən biridir.



















Azvision.az


Teqlər: QMİ   Şeyx   Allahşükür-Paşazadə   Ad-günü  





Xəbər lenti