Meşələr yanır, dövlətə milyonlarla ziyan dəyir - Günahkar kimdir?

 Meşələr yanır, dövlətə milyonlarla ziyan dəyir -  Günahkar kimdir?
  21 Avqust 2019    Oxunub:3299
Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib. onun sözlərinə görə, hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir.

"İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur. Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir".



H.Əlizadənin sözlərinə görə, son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar təbiətimizə qarşı səhlənkarlığımızı göstərir.

"Milli parklar Azərbaycanın ən gözəl füsunkar təbiəti olan ərazilərdə yerləşir. Nəzərə alaq ki, "Hirkan" Milli Parkı UNESCO-nun irs siyahısına nominasiyadadır. Yəni bu, dünyanın inciləri siyahısındadır. Biz bu gün baş verən yanğını ilkin olaraq təhlil etmişik. Milli park, yaxınlıqda yerləşən kəndin və bələdiyyə torpaqlarının sərhəddindən başlanır. Yanğın ola bilər insanın ehtiyatsızlıqı səbəbindən, yaxud da bilərəkdən olub, fərq etmir, dəyəri ölçüyəgəlməz olan meşələrimiz, ağaclarımız yanır, orada yaşayan fauna növləri həmin ərazini tərk edir, məhv olur, bu işlərin bərpası üçün dövlətə milyonlarla ziyan dəyir.

Bizim qanunvericiliyimiz ehtiyatsızlığı da, ehtiyatsızlıqdan edilən cinayəti də cinayət sayır. Bu baxımdan təbiət sahəsində işləyən bir şəxs kimi ehtiyatsızlıqdan olan əməllərin qarşısının alınmasını da vacib sayıram. Çox diqqətli olmaq lazımdır. Xüsusən regionlarda yaşayan, təbiətlə birbaşa ünsiyyətdə olan şəxslər çox ehtiyatlı olmalıdır. Onların bir balaca səhlənkar hərəkəti təbiətə qiyməti ölçülməyən dərəcədə ziyan vurur. Biz bu halların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

Azvision.az


Teqlər: ETSN   Milli-Park   Yanğın  





Xəbər lenti