“Hava proqnozunun verilməsi çətinləşib” - Umayra Tağıyeva

  16 Avqust 2019    Oxunub : 2922
 “Hava proqnozunun verilməsi çətinləşib” - Umayra Tağıyeva
Hava proqnozunun verilməsi çətinləşib.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

“İqlim və hava şəraiti daim insanı həyatı boyu müşayiət edərək onun üçün mühüm olub. Biz hava şəraitindən tam asılı olan ibtidai insanlardan danışmırıq. Hazırda bəşəriyyətin, elm və texnikanın sürətli inkişafına baxmayaraq, həyatımız hələ də müəyyən dərəcədə hava şəraitinin və iqlim dəyişmələrinin təsirlərindən asılıdır.

Bu barədə çox və ətraflı danışmaq olar, lakin mən sinoptiklərin öhdəsinə düşən hava şəraitinin proqnozlaşdırılması ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirəm. Meteorologiya sahəsində 30 ilə yaxın təcrübəmə əsasən deyə bilərəm ki, hava şəraitini proqnozlaşdırmaq daha çətin olub. Axı bütün dünyada, o cümlədən bizdə ildən-ilə texniki imkanlar genişlənir, müasir avadanlıqlar tətbiq olunur, bu sahədə elm inkişaf edir. Onda nə üçün hava proqnozunu vermək daha mürəkkəb olub?

Əlbəttə ki, müxtəlif fikirlər, fərziyyələr var. Bu suala birmənalı cavab vermək çətindir. Əgər əvvəllər ilin fəsilləri və onlara səciyyəvi hava şəraiti daha aydın özünü büruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər, belə demək olarsa, “sürüşür”, meteoroloji anomaliyalar daha qabarıq və tez-tez özünü göstərir.

Məsələn, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan A.Mədətzadə və Ə.Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən əsas sinoptik proseslər təhlil edilib. Əgər 1990-cı illərdə, öz iş təcrübəmdə, həmin prosesləri izləyərək, onların başlanmasını, inkişafını və dinamikasını bu təfsirlərə uyğun baş verdiyinin şahidi olurdumsa, bu gün həmin klassik prosesləri getdikcə daha az müşahidə edirik. Sabit meteoroloji şəraitdə gözlənilməz ani dəyişikliklər qeydə alırıq ki, bunları hətta bir gün əvvəl proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri “tutmur”, - deyə departamentin direktoru qeyd edib.

U.Tağıyeva bildirib ki, əvvəllər də anomal istilər və soyuqlar olub. Bəs onda nə dəyişib? Bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar.

O, həmçinin deyib: “Bu məsələlərin müzakirəsi xeyli vaxt aparır. Lakin bu gün mən hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdığımız bəzi problemlərə toxunmaq istəyirəm. Bu, ilk növbədə, güclü külək, leysan yağışlar, anomal isti və soyuqlara aiddir. Elə bu zaman bəzi nüanslar yaranır. Soruşa bilərsiniz ki, nə problem var? Proqnozu verin və hər kəs buna uyğun nəticə çıxartsın. Beynəlxalq təcrübədə qəbul olunmuş termin və formatlara uyğun xəbərdarlıqlar olunur. Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki, həm təşviş yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar və onların xasiyyətləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidərək dərhal mağazalara üz tutur, uzunmüddətli blokadaya hazırlaşırmış kimi davranırlar. Elə bu səbəbdən də biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyatla yanaşmağa məcburuq. Biz çox gözəl başa düşürük ki, vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı da asılıdır”.

U.Tağıyevanın sözlərinə görə, ekstremal hava şəraiti haqqında xəbərdarlıqlar bütün müvafiq struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun olaraq öz işlərini tənzimləyirlər: “Son zamanlar, Bakı Şəhəri İcra Hakimiyyəti işimizə böyük dəstək göstərərək bizim xəbərdarlıqlara operativ reaksiya verir, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır. Buna görə də onlara öz minnətdarlığımızı bildiririk. Digər bir çox dövlət qurumları ilə də qarşılıqlı sıx əlaqələrimiz var. Lakin öz laqeyd və səhlənkar məsuliyyətini sinoptiklərin üzərinə atmaq istəyənlər də tapılır. Qeyd etmək istəyirəm ki, biz konstruktiv tənqidə də açığıq.

Dövlət tərəfindən işimizin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki bazamız yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur.

Bu ilin sonunadək, dövlət investisiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq.

Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir. Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə bizi tez-tez sınağa çəkdiyi bir dövrdə bu, daha vacibdir. Yalnız sahələrarası düzgün əlaqələndirilmiş iş sayəsində, ola biləcək insan itkisinin qarşısını almaq mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabrında özünün 70 illik yubileyini qeyd edəcək Neft Daşları stansiyasının avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər idarə etməlidir. Həmin sahə üzrə mütəxəssislərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlı və insanlara lazımlıdır. Biz bu sahə ilə maraqlanan gəncləri öz sıralarımızda görmək istərdik”.

Azvision.az

Teqlər: Umayra-Tağıyeva   ETSN   Hava