İşdən qanunsuz çıxarılan 80 nəfər geri qaytarıldı

   İşdən qanunsuz çıxarılan 80 nəfər geri qaytarıldı
  15 Avqust 2019    Oxunub:1677
Cari ilin 7 ayında 55 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mətbuat katibi Aynur Osmanqızı bildirib.
Onun sözlərinə görə, DƏMX-ə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.

Qurum rəsmisi qeyd edib ki, xidmət belə müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini təmin edib.

“Ödənilən vəsaitin 92 faizə yaxını əmək haqlarından, 2 faizi zərərə görə ödənclərdən, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu istiqamətdə tədbirlər görülərkən aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi və s. barədə qanunvericilik ətraflı izah olunub. Eyni zamanda, son 7 ayda işdən qeyri-qanuni şəkildə azad olunduğu aşkar edilən 80 nəfər öz işinə bərpa etdirilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti