“Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib

“Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib
  14 Avqust 2019    Oxunub:1270
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Bu barədə Azvision.az -a Mənəvi Dəyərlərin Təbliği Fondundan məlumat verilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev çıxış edərək deyib ki, Azərbaycan ailəsi ailə modelləri içərisində uzunömürlülüyü, nümunəviliyi ilə seçilir. Biz bu nümunənin gələcək nəsillərə çatdırılması üçün maarifçilik işini gücləndirməliyik.

Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov “Azərbaycanda ailə institutu” mövzusunda təqdimatla çıxış edib. R.Qurbanov ailə institutunun formalaşmasında üç mühüm amilin mövcudluğunu diqqətə çatdırıb. Bunlar ailə institutunun formalaşmasında dövlət siyasəti, hüquqi normativ baza və institusional mərkəzdir. R.Qurbanov, həmçinin diqqətə çatdırıb ki, dəyərlər sisteminin formalaşmasında, eyni zamanda, gələcək nəsillərə ötürülməsində ailə institutları əvəzolunmaz rol oynayır.

“İslam dinində valideyn-övlad münasibətləri” mövzusunda çıxış edən Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, qarşılıqlı sevgi və inam üzərində qurulan ailə sağlam ailə hesab olunur. İslam dininə görə valideynin övlada, övladın da valideynə qarşı mühüm vəzifələri var. Fiziki və ruhi cəhətdən sağlam övlad yetişdirmək istəyən valideyn ona gözəl tərbiyə verməli, yaxşı ad qoymalı, əxlaq cəhətdən ona gözəl örnək olmalı, övladını oxutmalı, ona təhsil verməlidir. Eyni zamanda, övlad da valideynə qarşı ehtiramlı olmalı, hər zaman qulluğunda durmalıdır.

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Ailə dəyərləri” filmi nümayiş olunub.

Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az


Teqlər: MDTF  





Xəbər lenti