Nəsimiyə həsr olunmuş "Son gecə"nin çəkilişləri bitib

  13 Avqust 2019    Oxunub : 689
Nəsimiyə həsr olunmuş "Son gecə"nin çəkilişləri bitib
"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, “Son gecə” adlanan film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir.

Film Rəsul Rzanın eyni adlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.

Filmin quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Quruluşçu rəssam Rəfael Əlizadə, qrim rssamı isə Elbrus Vahidovdur.

Nəsimi roluna əməkdar artist Elşən Rüstəmov çəkilib. Filmdə əməkdar arist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları da çəkiliblər. Ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvindir.

Film sentyabr ayından ekrana çıxacaq.

Azvision.az

Teqlər: AzTV   Nəsimi   Film