“MİQ-29”un və pilotun axtarışına rusiyalı mütəxəssislər cəlb olunur

“MİQ-29”un və pilotun axtarışına rusiyalı mütəxəssislər cəlb olunur
  08 Avqust 2019    Oxunub:5746
Rusiyanın Xəzər donanmasının mütəxəssisləri iyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcəklər.
Azvision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Onun sözlərinə görə, rusiyalı mütəxəssislər 2 gündən sonra axtarış prosesinə qoşulacaq.

“Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanmasının təcili xilasetmə dəstəsinin mütəxəssisləri Azərbaycanın qəzaya uğramış “MiQ-29” təyyarəsinin axtarışları üzrə aparılan birgə tədbirlərdə iştirak etmək üçün göndərilib”.

Axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olacaq. Axtarış tədbirlərinə “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisi, “SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil “MMK-1-100” kompleksi, habelə teleidarəetməli “Falkon” sualtı aparatı, “Super QNOM Pro” teleidarəetməli sualtı baxış aparatı və “Tayger” pilotsuz sualtı aparatı cəlb ediləcək.



Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Axtarış prosesinə yerli mütəxəssislərlə yanaşı, Türkiyədən nümayəndə heyəti də cəlb olunub. Hələlik axtarış işləri bir nəticə verməyib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   Pilot  





Xəbər lenti