Fazil Mustafa spikerlə mübahisəsinə aydınlıq gətirdi

Fazil Mustafa spikerlə mübahisəsinə aydınlıq gətirdi
  03 Dekabr 2013    Oxunub:1049
“Milli Məclisin sədri hələ də bilmir ki, deputatın istənilən məsələ ilə bağlı replika hüququ var və hətta ciddi, yaxud da yumorla sözünü ifadə etmək haqqı var”.
Böyük Quruluş Partiyasının sədri millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədovla aralarında baş verən qalmaqala aydınlıq gətirib. AzVision.az-ın məlumatına görə, deputat yaşanan qalmaqalla bağlı ətraflı açıqlama verib.

“Milli Məclisdə müzakirələr zamanı mənim çıxışa yazılmadığım tək bir məsələdə müzakirələr dayandırıldı. Növbəti məsələdə söz alarkən bildirdim ki, deyəsən, mən çıxışa yazılmayanda müzakirələri dayandırırsınız. Cavabında isə Milli Məclisin sədri əsəbi şəkildə bildirdi ki, özünü yüksək qiymətləndirirsən, digər deputatları aşağılayırsan. Cavabım o oldu ki, bunu özündənrazılığa görə deyil, zarafat olaraq vurğuladım. Və spikerə kobudluq etməməyi tövsiyə etdim. Cavabında isə mənimlə zarafatının olmadığını, danışığıma fikir verməyimi bildirdi.

Mediada fərqli işıqlandırıldığından, bu açıqlamaya etibar etməyinizi tövsiyə edirəm.

Ümumiyyətlə, qeyd etmək yerində olar ki, Milli Məclisin sədri hələ də bilmir ki, deputatın istənilən məsələ ilə bağlı replika hüququ var və hətta ciddi, yaxud da yumorla sözünü ifadə etmək haqqı var. Bu halda isə heç kəsə, o cümlədən parlamentin sədrinə deputatın sözünü kəsməyə və onunla kobud danışmağa səlahiyyət verilmir. Həm də anlaşılmadı ki, bu sözlərlə mən kimi aşağılamışam. Əsl aşağılanan müzakirəyə yazıldığı halda danışmaqdan məhrum edilən deputatlar idi. Bunu isə Milli Məclisin sədri dəfələrlə edir.

Hesab edirəm ki, hörmətli Oqtay Əsədovun Milli Məclisin fəaliyyətini öz əhval-ruhiyyəsinə və iş rejiminə uyğunlaşdırmasını ancaq zarafatla yola vermək mümkündür...”

Sevinc


Teqlər:  





Xəbər lenti