“Turistlər tərəfindən bizə şikayətlər daxil olmayıb” - Direktor

 “Turistlər tərəfindən bizə şikayətlər daxil olmayıb” -  Direktor
  27 İyul 2019    Oxunub:1990
“Bölgələrdə xarici turistlərə fərqli qiymətlərin təklif edilməsi barədə eşitmişik. Lakin Bakıdakı restoranlarda xarici turistlərə adi menyudan fərqli, daha yüksək qiymətlərin yazılması halları ilə rastlamamışıq"
Bunu Azvision.az -a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib. Onun sözlərinə görə, mərkəz tərəfindən xoşagəlməz halların aradan qaldırılması üçün aidiyyatı qurumlara müraciətlər göndərilib:

"Dövlət Turizm Agentliyi bu gün ölkəyə turist cəlb etməyə hazırlaşır. Turist gəldiyi ölkədə özünə qarşı kiçik etinasızlıq görərsə, ikinci dəfə həmin ölkəyə dönmür və oraya getməyi də heç kəsə məsləhət görmür. Biz çalışırıq ki, turistlərin Azərbaycandan razı getməsi üçün iş görək”.

R.Bağırov əlavə edib ki, BTİM-ə və turizm şirkətlərinə Bakıya səfər edən turistlər tərəfindən şikayətlər daxil olmayıb: “Bakıda çox yaxşı infrastruktur yaradıldığı üçün onlar hər şeydən rahatlıqla istifadə edirlər. Bu gün Bakıya gələn turist üçün bələdçi lazım deyil. O, xəritəni əlinə alaraq Bakının bütün gəzməli yerlərini ziyarət edir. Turistlər üçün xüsusi proqramlar yaradılıb ki, onlar bundan istifadə etməklə hansı yerə necə və hansı qiymətə gedəcəklərini öyrənə bilirlər”.

Direktor, həmçinin qeyd edib ki, Bakıya gələn Avropa ölkələrinin vətəndaşları əsasən Azərbaycanın mədəniyyəti, tarixi ilə maraqlanır: "Ərəb ölkələrindən gələn turistlər isə daha çox şopinqə, qastronomiyaya, əyləncəyə, Çindən gələn turistlər gəzməyə və təbiətə üstünlük verirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Əcnəbi  





Xəbər lenti