İlham Əliyevdən YUNESKO-ya müraciət

İlham Əliyevdən YUNESKO-ya müraciət
  02 Dekabr 2013    Oxunub:951
YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına geniş imkanlar yaradıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına müraciə ünvanlayıb. AzVision.az xəbər verir ki, prezidentin ünvanladığı müraciəti Baş nazirin müavini Elçin Əfəndiyev oxuyub. Müraciətdə deyilir:


"Daim inkişaf edən və möhkəmlənən YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına, onun nailiyyətlərinin dünyada nümayiş olunmasına geniş imkanlar yaradıb. Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin YUNESKO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir:

"Hörmətli sessiya iştirakçıları! Sizi Bakı şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurar diləyirəm.

Sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illiyinə təsadüf edir. Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunub və mühüm layihələr gercəkləşdirilib. YUNESKO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azəraycan dövlətinin həmişə diqqət mərkəzində olub.

Cari ilin iyul ayında təhsil, elm, mədəniyyət və informasiya sahələrində əməkdaşlıq haqqında çərçivə sazişinin imzalanması ilə Azərbaycan və YUNESKO arasında qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və qlobal cağırışların həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli zəmin hazırlayıb. Əminəm ki, sessiya öz qərarları ilə ümumbəşəri mədəni irsin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcək".


Teqlər:  





Xəbər lenti