“Akkord” dezinformasiyalara aydınlıq gətirdi
Qeyd olunub ki, söküntü işlərinin icra olunduğu müddətdə təhlükəsizliyi təmin etmək məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, ümumilikdə prosesə nəzarətin təmin edilməsi və sakinlərin narahatçılığının azaldılması üçün Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri ilə müqavilə bağlanıb, yaşayış kompleksi daxilində xüsusi postlar yerləşdirilib.
"İşlər tamamilə texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə aparılır. Qış mövsümündə hava şəraitinin əlverişliz olması ilə əlaqədar, söküntü işlərinin yay aylarında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Yaşayış kompleksində icra edilən söküntü-quraşdırma işləri hissə-hissə təmin edildiyindən, kompleksin daxilində bir sıra yerlər, eyni zamanda yaxınlıqda yerləşən parklar sakinlərin xidmətinə verilib. Kompleksə verilən qaz xəttinin dayandılması “Azəriqaz” İB-nin səlahiyyətindədir. Aldığımız məlumata əsasən, həmin əraziyə verilən qaz xəttində məhdudiyyətlər olsa da, hazırda qazın verilməsi təmin olunub".
Diqqətə çatdırılıb ki, “Uğur-2” yaşayış kompleksində mövcud mənzillərin (əksəriyyətinin) satışı 25 illik ipotekə krediti vasitəsilə həyata keçirilib: "Sakinlərin 73%-i hələ də tam ödəniş etməyib. Bəzi sakinlərin mənzil alma peşmançılıqları ilə bağlı korporasiyaya hər hansı şikayət daxil olmayıb, əks təqdirdə müqavilələrə yenidən baxıla bilər. Mənzillərə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri tədbirlər həyata keçirilir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyi alınıb, eyni zamanda hüquqi və texniki sənədləşdirmə işləri aparılıb. Cari ilin sonunadək binaların təhvil verilməsi və mənzillərin çıxarışla təmin edilməsi yekunlaşdırılacaq".
Azvision.az