Cəbəllütariqdən İran tankeri ilə bağlı bəyanat

  12 İyul 2019    Oxunub : 938
Cəbəllütariqdən İran tankeri ilə bağlı bəyanat
Cəbəllütariq muxtar hökumətinin rəhbəri Fabian Pikardo Britaniya hərbi donanmasının saxladığı İran tankeri ilə bağlı bəyanat verib.
Bəyanatda tankerdə 2,1 milyon barrel yüngül xam neftin olduğu və Avropa İttifaqının (Aİ) Suriyaya tətbiq etdiyi sanksiyalara rəğmən bu ölkəyə göndərildiyi təsdiq olunub.

Hökumət başçısı qeyd edib ki, beynəlxalq sanksiyalarla qadağan edilmiş mallar və məhsullar Cəbəllütariqə məxsus sulardan keçə bilməz. Onun sözlərinə görə, tankerdəki yüngül xam neft səyyar laboratoriya vasitəsilə ekspertizadan keçirilib və müvafiq sənəd hazırlanaraq Aİ-nin rəhbərləri Jan-Klod Yunker və Donald Tuska göndərilib. Pikardo əlavə edib ki, bütün bu proseduralar Cəbəllütariq muxtar hökumətinin yekdil qərarı ilə həyata keçirilib və baxılması üçün Ali Məhkəməyə təqdim olunub.

İran isə Qərb ölkələrindən, xüsusən Böyük Britaniya hökumətindən tankerin buraxılmasını tələb edir. Rəsmi Tehran qarşı tərəfi bu addımların ağır nəticələr doğuracağı ilə təhdid edir.(Azərtac)

Azvision.az

Teqlər: Cəbəllütariq   İran