Əhaliyə leş əti satmaq istəyirdi - FOTO

 Əhaliyə leş əti satmaq istəyirdi -    FOTO
  11 İyul 2019    Oxunub:2107
10 iyul 2019-cu il tarixində, saat 23:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Xaldan-Ağdaş şossesində Mehdiyev Məhəmməd Mikayıl oğlunun idarə etdiyi 10-KG-920 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 198 kiloqram yararsız ət aşkar olunub.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, QAZ 31-10 markalı nəqliyyat vasitəsinin yük yerində saxlanılan 1 baş iribuynuzlu heyvan cəmdəyinə baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik görüntülərinə əsasən bakterioloji çirklənməyə məruz qaldığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.



Ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.



Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.



Azvision.az


Teqlər: AQTA   Ət  





Xəbər lenti