İçdiyimiz suyun mənbəyindən - Reportaj

  11 İyul 2019    Oxunub : 6184
 İçdiyimiz suyun mənbəyindən - Reportaj
“Azərsu” ASC tərəfindən media nümayəndələrinin Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür su təmizləyici qurğular kompleksinə səfəri təşkil olunub.
Azvision.az xəbər verir ki, infotur çərçivəsində jurnalistlər kompleksin ərazisi, burada istismar olunan qurğu və avadanlıqların iş prinsipi ilə yaxından tanış olublar.



“Azərsu” ASC sədrinin müşaviri, vaxtilə Kür sutəmizləyici qurğular kompleksinin və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev bildirib ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə “Şollar”, İkinci Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su təminatında ciddi çətinliklər yaranırdı. “Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranır. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sistemnini birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır”.
Qeyd olunub ki, layihənin birinci növbəsi çərçivəsində 1970-71-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə verilib. Kür su kəməri kompleksinin birinci növbəsinimn tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradıb. Ötən əsrin 80-ci illərində isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilib.

1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfyiyyəti standartlara uyğunlaşdırılıb.



Daha sonra Kür sutəmizləyici qurğularının iş prinsipi ilə yaxından tanış olan KİV nümayəndələrinə burada suyun təmizlənməsi prosesi barədə ətraflı məlumat verilib. Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov bildirib ki, çaydan üzən nasos stansiyaları vasitəsilə götürülən su radial durulduculara ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.

O da, qeyd olunub ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, SabirabadSaatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərlərindən 7 şəhərin və 168 kəndin 630 min nəfər sakini faydalanacaqdır.
Eyni zamanda, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən HacıqabulŞamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub.
İnfo-tur çərçivəsində, jurnalistləri maraqlandıran digər suallar da ətraflı cavablandırılıb.





















Aytən Zəhra
Azvision.az

Teqlər: Azərsu   Kür