Nazirliyə polislərlə bağlı edilən şikayətlərin sayı azalıb

Nazirliyə polislərlə bağlı edilən şikayətlərin sayı azalıb
  30 Noyabr 2013    Oxunub:1129
Bu gün Daxili İşlər Nazirliyində «Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyəti"nə və «Daxili işlər orqanlarında xidmətə namizədlərin seçilməsi, yerləşdirilməsi, gənc əməkdaşların irəli çəkilməsi və peşə hazırlığının təşkili"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.


DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq gündəlikdəki məsələlər barədə məlumat verib, insan hüquq və azadlıqlarının qorunmasının, vətəndaşların müraciətlərinə baxılmasının və qəbulunun xidməti fəaliyyətin qiymətləndirilməsində başlıca meyarlardan biri olduğunu bildirib.

Kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin yüksəldilməsi məsələlərinin də diqqət mərkəzində saxlanıldığı, dəfələrlə Kollegiya iclaslarının müzakirəsinə çıxarıldığı, bu işin səmərəsinin artırılması üçün yerlərə lazımi göstərişlər verildiyi, əməli köməkliklər göstərildiyi nəzərə çatdırılıb.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov çıxış etmişdir. O demişdir ki, Nazirliyin rəhbərliyi tərəfindən ölkə Prezidentinin tələb və tövsiyələrinə uyğun olaraq, müvafiq fəaliyyət sahəsinə göstərilən xüsusi diqqət və tələbkarlıq artmış, mövcud nöqsan və çatışmazlıqlara görə qəbul edilən prinsipial qərarlar vətəndaşların müraciətlərinə baxılması və qəbulu sahəsində müsbət nəticələri şərtləndirmişdir. Belə ki, 2012-ci ildə Nazirliyə daxil olmuş şikayətlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26%, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19%, İnsan Hüquqları üzrə Müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalıb.

İşin təkmilləşdirilməsi sahəsində görülmüş tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə təhqiqat qurumları üzrə şikayətlərin sayında 2 dəfəyə yaxın azalma qeydə alınmışdır. Son iki il yarım ərzində daxili işlər orqanlarına 880 minə yaxın müraciət daxil olmuşdur ki, onların da 69,5%-ni ərizələr, 30,3%-ni şikayətlər təşkil edib.

İnsan hüquqlarının qorunmasında mühüm vasitələrdən olan vətəndaşların qəbulu işi də diqqət mərkəzində saxlanılmışdır. Son 2 il 9 ayda təkcə daxili işlər naziri tərəfindən Nazirlikdə və respublikanın bütün rayonları əhatə olunmaqla 820 vətəndaş qəbul edilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmış, şikayətlərə səbəb olan amillərin aradan qaldırılması üçün operativ tədbirlər görülmüş, aidiyyəti struktur qurumlara müvafiq tapşırıqlar verilmişdir. İcraya yönəldilən bütün müraciətlər nəzarətə götürülmüş, nəticələri məruzə olunmuşdur. Bütövlükdə qeyd olunan müddətdə daxili işlər orqanları üzrə 121.765, o cümlədən Nazirliyin Aparatında 10.304, ərazi polis orqanlarında 111.461 vətəndaş qəbul edilib.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev gündəlikdəki ikinci məsələ ilə bağlı məruzə ilə çıxış etmişdir. O deyib ki, hər bir əməkdaşın cəmiyyətdə nümunəvi davranışı ilə fərqlənməsi, fəaliyyətini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsini durmadan artırması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması barədə ölkə Prezidentinin tələb və tövsiyələri qarşıda duran başlıca vəzifələrdən olaraq diqqət mərkəzində saxlanılıb.

2011-ci ildən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının, DİN-in Müsabiqə Komissiyasının müsahibələrinin nəticələri üzrə 213 ali hüquq və pedaqoji təhsilli şəxs, həmçinin, 75 vətəndaş mütəxəssis qismində tam aşkarlıq və şəffaflıq şəraitində xidmətə qəbul olunaraq orta rəis heyəti vəzifələrinə təyin edilmişdir. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən 16 əməkdaş test imtahanları verməklə, 66 əməkdaş mütəxəssis kimi orta rəis heyəti vəzifələrinə irəli çəkilmişdir. DİN-in Polis Akademiyasının məzunları, eləcə də sonuncu kurslarda təhsil alan sıravi və kiçik rəis heyətindən olan əməkdaşların sırasından 487 nəfər orta rəis heyəti vəzifələrinə təyin edilib.
2011-2013-cü illərdə DİN-in Polis Akademiyasına 3472 namizəddən qabiliyyət imtahanlarını müvəffəqiyyətlə vermiş və Nazirliyin Seçim Komissiyasının müsbət rəyini almış 1544 (44,5%) orta məktəb məzunu qəbul imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmişdir. Test imtahanlarında daha yüksək bal toplamış 385 gənc Polis Akademiyasına qəbul olub.

Görülən bu və digər tədbirlər nəticəsində şəxsi heyətin sıralarında gənc kadrların xüsusi cəkisi artaraq 58%, o cümlədən zabitlər içində 35,4%, sıravi və kicik rəis heyəti üzrə 68% təşkil etmişdir. Sıravi və kiçik rəis heyəti sıralarında ali təhsillilər 18,4%, orta və böyük rəis heyəti üzrə 92% təşkil etmişdir. Son 3 ildə 1907 əməkdaş xarici dövlətlərdə və beynəlxalq təşkilatların respublikada keçirdikləri təlimlərdə iştirak edib.

Təlimlərin təşkili zamanı xidməti fəaliyyətdən ayrılmanı istisna edən virtual tədrisə xüsusi diqqət yetirilmiş, bu məqsədlə Nazirlikdə, Polis Akademiyasında və respublikanın 28 şəhər, rayon polis orqanında video-konfrans texnologiyasına əsaslanan interaktiv tədris sinifləri yaradılmaqla 10 mindən çox əməkdaş virtual təlimlərə cəlb olunmuşdur. 2012-ci ilin noyabr ayından etibarən ayrı-ayrı xidmətlərin təxminən 700 əməkdaşı «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunmuş kurslarda ixtisaslarını artırılıb.
Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışmış, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildirib.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da bildirərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini verib.

O, xüsusilə vurğulamışdır ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə nəzarəti həyata keçirən komissiyaların fəaliyyəti canlandırılmalı, görülən işlər mütəmadi öyrənilməli, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan, habelə təkrar müraciətlərin səbəbləri diqqətlə araşdırılmalı, əməliyyat müşavirələrində müzakirə edilməklə prinsipial qiymət verilməlidi.

Gündəlikdəki ikinci məsələyə toxunan nazir bəzi ərazi qurumlarında xidmətə namizədlərin fərdi xüsusiyyətlərinin ətraflı öyrənilmədiyini, namizədlərin intellektual səviyyəsinin və fiziki hazırlığının yoxlanılmasına formal münasibət bəslənildiyini diqqətə çatdıraraq gənc əməkdaşlarla aparılan işin səmərəsinin yüksəldilməsini, bu sahəyə xüsusi diqqət yetirilməsini, onların hazırlıq səviyyəsinin artırılması üçün real iş aparılmasını, orqan və hissələrdə sağlam mənəvi-psixoloji mühitin, işgüzar əhval-ruhiyyənin qorunub-saxlanılmasının vacib şərtlərindən olan ədalət prinsipinin tam təmin edilməsinin vacibliyini qeyd edib.

Nazir qeyd etmişdir ki, xalqımızın rifah halının daha da yaxşlaşmasını, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin durmadan yüksəlişini təmin edən vacib amillərədən biri möhtərəm Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, daxili sabitliyin dönməzliyinin, əmin-amanlığın etibarlı təmini olmuşdur. Daxili işlər orqanlarının şəxsi heyəti, Daxili Qoşunlar qanunvericiliklə üzərlərinə düşən bütün məsul vəzifələrin öhdəsindən ümumən layiqincə gəlmiş, vətəndaşların qanunla qorunan hüquqlarının təmin olunması, onların mülkiyyətini, təhlükəsizliklərini hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmiş, dövlətin konstitusion quruluşunun keşiyində ayıq-sayıq dayanmışlar. Cari ilin ötən dövründə əldə olunmuş müsbət nəticələr onu deməyə əsas verir ki, respublikamızda cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması xətti uğurla davam etdirilmiş, əməkdaşların və hərbi qulluqçuların peşəkarlıq, intellektual səviyyəsi daha da yüksəlmiş, vətəndaşların polisə inamı və dəstəyi artıb.

O, bir daha qeyd etmişdir ki, bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifə dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin başlıca təminatlarından olan ictimai-siyasi sabitliyin etibarlı qorunması, daha da möhkəmləndirilməsidi.

Daxili işlər naziri ölkə Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, cari ili də yüksək göstəricilərlə başa vuracaq.



Teqlər:  





Xəbər lenti