“ASAN beynəlxalq təşkilatın adına çevriləcək” - Ülvi Mehdiyev

   “ASAN beynəlxalq təşkilatın adına çevriləcək” -    Ülvi Mehdiyev
  24 İyun 2019    Oxunub:2997
"Bu cür mötəbər tədbirin Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Çünki Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi Bakı tarixə düşdü"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.

Dövlət Agentliyinin sədri bildirib ki, forum zamanı dövlət xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı hansı işlərin görüləcəyi barədə qərar qəbul olunacaq:

"Forumu Azərbaycan üçün əhəmiyyətli edən hadisələr olacaq. Bunlardan biri Beynəlxalq ASAN Assosiasiyasının təsis olunmasıdır. Bu, bütün ölkələrin dövlət xidmətlərinin birləşdiyi bir təşkilat olacaq. Qurumun adı da ASAN olacaq. Bu isə o deməkdir ki, "ASAN Xidmət" təkcə Azərbaycanın intellektual brendi deyil , həm də beynəlxalq bir təşkilatın adına çevriləcək. Bu addımın məqsədi "ASAN Xidmət" modelinin digər dövlətlərdə tətbiqi ilə bağlı mübadilə aparmaqdır".

Ü.Mehdiyev qeyd edib ki, Azərbaycan dövləti BMT tərəfindən xüsusi mükafata layiq görülüb. Mükafatın əsas təyinatı odur ki, Azərbaycan "ASAN Xidmət" modeli ilə dövlət xidmətləri sahəsində ciddi islahata imza atıb.

"Artıq "ASAN Xidmət"in ikinci mərhələsi bu ildən fəaliyyətə başlayıb. Söhbət "Mygov" elektron hökumət konseptindən gedir. Bu konsept vasitəsilə reaktiv xidmətlərdən preaktiv xidmətlərə keçid edəcəyik. Hansı ki, bu konsept BMT-nin ekspertləri tərəfindən qiymətləndirilib", - deyə Ü.Mehdiyev vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev   Forum  





Xəbər lenti