Millət vəkilləri Tağı Əhmədovun hərəkətini qınadı

Millət vəkilləri Tağı Əhmədovun hərəkətini qınadı
  27 Noyabr 2013    Oxunub:1254
Bakı Metropolitenin rəisi Tağı Əhmədovla ANS telekanalı arasında yaşanan qalmaqal ciddi müzakirələrə yol açıb.

Zaman-zaman jurnalistlərlə uldunuz barışmayan Metropoliten rəisinin bu dəfəki hərəkətinə millət vəkilləri də biganə qalmayıblar.

Onlar T.Əhmədovun mətbuata qarşı münasibətini necə qiymətləndirirlər?

“Jurnalistə qarşı kobudluq yolverilməzdir”

Millət vəkili Fazil Mustafa T.Əhmədovun jurnalistlərə qarşı kobud rəftarını qınayaraq bu cür davranışın yol verilməz olduğunu hesab edir:

“Məsələni konkretləşdirəndə, bu Azərbaycan cəmiyyətində birmənalı anlaşılmır. Bütövlükdə, təkcə jurnalistə kobud cavab yox, ümumiyyətlə məmurun cavab verməməsi də müəyyən qınaq obyektinə tutulmalıdır”.

Deputatın sözlərinə görə, mətbuat qurumları hansısa bir orqandan, dövlət qurumundan cavab ala bilməyəndə, həmin qurumların üzərinə gedə bilər.

“Hesab edirəm ki, hər bir məmur peşəyə hörmət göstərməlidir. Düzdür, Azərbaycanda jurnalistlərə də birmənalı yanaşmaq olmaz. Çoxlu şikayətlər alıram ki, ayrı-ayrı idarə və müəssisələrdən ki, jurnalistlərin əlindən bezmişik, hamısı gəlib, pul alır, çıxır gedirlər. Ayrı-ayrı qurumları qorxudaraq, hədələyərək, hansısa bir fakt haqqında məlumat alaraq, gündə bir işlə məşğul olan çox sayda jurnalistlər də var.

Ona görə də, jurnalistləri də ideal insanlar kimi göstərmək doğru deyil. Amma, konkret peşə fəaliyyətini həyata keçirən jurnalistə qarşı kobudluq etmək yolverilməzdir. Məncə bu məsələni işıqlandırmağın ziyanı yoxdur, ancaq faydası var ki, ən azından məmurlar bu cür fəaliyyətdən çəkinərlər”.

“Tağı Əhmədov özbaşına iş görməz”

Millət vəkili Sabir Rüstəmxanlı Bakı Metropoliten rəisini ədəbiyyatın, sözün dostu olaraq qiymətləndirib. Deputatın fikrincə, Metro rəisinin davranışlarında şüurlu bir yanaşma mövcuddur.

“Tağı Əhmədov özbaşına bir iş görməz. Yəqin ki, onun bu davranışında şüurlu bir yanaşma var. Güman edirəm ki, prezidentlə jurnalistlərin görüşündən sonra bütün bu məsələlər öz həllini tapacaq”.

“Məmura ictimai qınaq göstərmək olar”

Milli Məclsin deputatı Zahid Oruc hesab edir ki, media təmsilçiləri gündəlik olaraq müxtəlif insanlarla, o cümlədən hökümət təmsilçiləri ilə təmaslarda olur və bu işin gedişində mətbuat münasibətlərini, cəmiyyətə gərəkən informasiyanı lazımi şəkildə işıqlandırılması formalarını müşahidə edirlər. Lakin, bəzən ayrı-ayrı kütləvi informasiya vasitələri ilə müxtəlif şəxslər arasında skandallar baş verir, anlaşılmazlıqlar yaranır, uzlaşma nöqtələri tapılmır.

Zahid Oruc bu halda iki yol olduğunu söyləyib: “İlk növbədə, həmin məmura qeyd olunan ictimai qınaq vasitəsilə təsir göstərmək. Digər tərəfdən isə, konkret situasiyada kimsə haqqının pozulduğunu hesab edirsə, bu yöndə başqa hüquqi addımlar ata bilər. Ona görə də, hazırki anda məhkəmə rolunda çıxış etməyim o qədər də uğurlu alınmaz. Bizim özümüzdə mətbuatın sorğularına, suallarına, ayrı-ayrı məsələlərə dair baxışlarının aydınlaşmasına cavab veririk. Ona görə də, bizim üçün bu məsələdə müsahib olmaq, yekun rəy söyləmək, onu ən ali mövqe kimi təqdim etmək də yalnış sayıla bilər”.

“Tağı Əhmədov öz işinin yaxşı təşkilatçısıdır”

Millət vəkili Aydın Mirzəzadə Bakı Metroplitenin rəisi Tağı Əhmədova qarşı ədalətsiz münasibətdən gileylənib.

“Tağı Əhmədov öz işinin yaxşı təşkilatçısı, ictimai fikirdə müsbət imicdə olan bir insandır. Mətbuata da kifayət qədər açıqdır. Düzdür, mətbuata açıqlamalarında bir özünə məxsusluğu var. Ancaq? heç bir zaman, heç bir sualdan yayınmır. Jurnalistləri maraqlandıran istənilən məsələyə dair açıqlama verməyə hazırdır”.

A.Mirzəzadə vurğulayıb ki, Tağı Əhmədov kimi öz işində məsuliyyətli, cəmiyyətə açıq olan insanlara cəmiyyət də diqqətli olmalıdır:

“Hamı eyni ölçüdə, hamı eyni xasiyyətdə ola bilməz. Bu baxımdan Tağı Əhmədovun özünəməxsusluğunu onun əleyhinə istifadə etmək ədalətsizlikdir. Hesab edirəm ki, bu məsələdə sadəcə olaraq tələskənliyə yol verilib”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti